"Şahbaz deyir ki..." - Sabir Rüstəmxanlı qardaşının müdafiəsinə qalxdı
Xəbər verildiyi kimi, "Qanun" nəşrlər evinin rəhbəri Şahbaz Xuduoğlunun Azərbaycanın Türkiyə türkcəsini dövlət dili qəbul etməsi ilə bağlı təklifi etirazlara səbəb olub. Sosial şəbəkələrdə insanlar naşirin təklifini müzakirəyə çıxaraq bunu "kölə psixologiyası" adlandırıblar.
AFN.az xəbər verir ki, Şahbaz Xuduoğlunun qardaşı, tanınmış yazıçı, deputat Sabir Rüstəmxanlı məsələyə münasibət bildirib. O, bildirib ki, Ş.Xuduoğlunun ədəbi dil haqqında yazısını da, ona olan rəyləri də anlayışla qarşılamaq lazımdır. "Hər kəs öz fikrini ifadə etməkdə sərbəstdir. Bir təklif irəli sürməklə dil dəyişilməz, ona görə də bu qədər əsəbi rərlərə ehtiyac yoxdur" - deyə S.Rüstəmxanlı vurğulayıb.
Deputatın fikrincə, ana dilimizi müdafiə edən insanlar Ş.Xuduoölunun yazısındakı, daha doğrusu, yazının alt qatındakı bir kinayəyə, ağrıya fikir verməyiblər: "Şahbaz deyir ki, evində, küçə-bazarda ana dilində danışmırsansa, uşağını ana dilində məktəbə qoymursansa, ana dilində buraxılmış kitabları almırsan və oxumursansa, 32 ildir müstəqilik, hələ də rus dilinin gizli və açıq təbliğatını aparırsansa, ana dilinin qorunması və inkişafı haqqında düşünüb real iş görmürsənsə, ana dilində buraxılan kitablar satılmırsa, bəlkə dünyada daha geniş yayılan və bizim də rahatca anladığımız və istifadə etdiyimiz Türkiyə türkcəsində oxuyub yazaq?! Bu, bir həyəcan siqnalıdır. Yatanları oyatmaqdır! Güzgünü qınamaqdansa özümüzə baxaq! Şahbaza hücum çəkməkdənsə dilimizin qayğısına qalaq, onu qoruyaq, başqa dillərə heyranlıqdan əl çəkək, ləyaqətimizi uca tutaq. Şahbazın ana dilimizə xidmətinin onda biri qədər xidməti olmayanların onu ittiham etməsi gülüncdür. O, ədəbi dilimizin taleyinə acıdığı və yandığı üçün belə yazıb".