ARDNF yanvar-iyun ayları üzrə gəlir və xərcləri açıqlayıb




Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2019-cu ilin yanvar-iyun ayları üzrə gəlir və xərclərinə dair məlumat yayıb.



Azərbaycan Respublikası Dövlət Neft Fondundan AFN-ə bildirilib ki, 2019-cu ilin yanvar-iyun ayları ərzində ARDNF-nin büdcə gəlirləri 10 698,3 milyon manat, büdcə xərcləri isə 4 499,4 milyon manat təşkil edib.

2019-cu ilin yanvar-iyun ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 8 557,1 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7 780,7 milyon manat, bonus ödənişləri 766,4 milyon manat, tranzit gəlirləri 8,9 milyon manat, akrhesabı ödənişlər 1,1 milyon manat təşkil edib.

Hesabat dövrü ərzində ARDNF-nin vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 2 141,2 milyon manata bərabər olub.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəlirləri 513,1 milyon manat təşkil edib.

Hesabat dövrü ərzində ARDNF-nin 2019-cu il büdcəsinin icrası çərçivəsində 4 413,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 74,9 milyon manat vəsait ayrılıb. 2019-cu ilin yanvar-iyun ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 11,5 milyon manat təşkil edib.

2019-cu il iyunun 30-a ARDNF-nin aktivləri 2019-cu ilin əvvəlinə (38 515,2 milyon ABŞ dolları) nisbətən 10,25% artaraq 42 463,7 milyon ABŞ dolları təşkil edib.

Aktivlərin artımı ARDNF-nin büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub. Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınıb. Belə ki, səhm alt portfeli üzrə ötən ilki mənfi gəlirliliyə baxmayaraq (-6,6%) 2019-cu ilin ilk 6 ayı ərzində müvafiq göstərici 13,1% təşkil edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu