Natiq Cəfərli: “Azərbaycanda sığorta mədəniyyəti formalaşmayıb”
“Normal ölkələrdə yanğın, subasma, zəlzələ və digər bənzər hadisələr baş verərkən heç kim dövlətdən maddi yardım gözləmir, dövlət anaq təhlükəsizlik, ilkin tibbi yardım, kommunikasiyaların yaradılması məsələsinə baxır. Mal-mülk sahiblərinə dəyən ziyanı sığorta şirkətləri ödəyir, çünki sığorta mədəniyyətinin formalaşması üçün dövlət şərait yaradır”.
Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli “Diqlas” ticarət mərkəzində malları yanan sahibkarların durumuna münasibət bildirərkən qeyd edib.
İqtisadçının sözlərinə görə, sahibkar malını sığortalaması üçün aldığı malları rəsmən əldə etməlidir: “Azərbaycanda sığorta mədəniyyəti formalaşmayıb, çünki normal vergi və sığorta münasibətlərinin yaranmasını təşviq edən sistem yoxdur - vergi və sığorta münasibətləri ona görə yaranmır ki, dövlətin şəffaf çalışan institutları yoxdur. Dükanı olan malını sığortalaması üçün aldığı malları rəsmən əldə etməlidir – aldığı malları rəsmən əldə etmək üçün həmin məhsullar ölkəyə rəsmən daxil olmalıdırlar – malların ölkəyə rəsmən daxil olması üçün şəffaf Gömrük sistemi olmalıdır”.
N.Cəfərli onu da vurğulayıb ki, fors-major vəziyyətlər icarədarla icarəyə götürən arasındakı münasibətlər müqavilə ilə tənzimlənməlidir: “İcarədarlar icarəyə götürənlərlə rəsmi müqavilələr bağlamalı, həmin müqavilədə olan vəsaitin 14%-ni ya icarədar, ya icarəyə götürən vergi şəklində büdcəyə ödəməlidir. Həmin müqavilədə fors-major vəziyyətlər nəzərə alınmalı, məsuliyyət bölgüsü açıq göstərilməlidir. Bizdə böyük obyektlərin sahibi iri, ya çox iri məmurlar olduğu üçün nə qanuna baxırlar, nə qaydaları gözləyirlər, onlara da söz deyən yoxdur. Nəticədə müqavilə mədəniyyəti də formalaşmır, bunun üçün məmur ya kreslosundan, ya da biznesdən qopardılmalıdır, saat 18:00-a qədər məmur, 18:00-dan sonra iri biznesmen olan məmurlar ordusu ölkənin ən böyük bəlalarından biri, iqtisadiyyatın əyləcidirlər...”