Nazir müavinin qardaşına 1,2 milyonluq sifariş

“Naxçıvan Yol Təchizat” MMC tenderin qalibini açıqlayıb
“Naxçıvan Yol Təchizat” MMC Babək, Culfa, Ordubad, Kəngərli və Şərur rayonları ərazisində torpağın, qum-çınqılın qazılıb avtomaşına yüklənməsi və asfalt-betonun daşınması xidmətlərinin satın alınması ilə bağlı elan etdiyi tenderə yekun vurub.
Məlumata görə, tenderin qalibi “Aqroman” MMC seçilib. Şirkətin qiymət təklifi 1 285 628,41 manat təşkil edib.
Qeyd edək ki, “Aqroman” MMC 2020-ci ildə təsis olunub. Qısa müddət ərzində bir neçə dövlət satınalmasında qalib gəlib. Belə ki, şirkət 2022-ci ildən etibarən 6 tenderin qalibi olub – 2025-ci ildə üç, 2024, 2023 və 2022-ci illərdə isə hərəsindən bir olmaqla. Həmin tenderlər əsasən təmir və abadlıq işləri ilə bağlı olub.
Tenderlər üzrə ümumi müqavilə məbləği 3 384 291,50 manat-a bərabərdir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Aqroman” MMC 16 iyul 2020-ci il tarixində qeydiyyatdan keçib. Şirkətin nizamnamə kapitalı cəmi 10 manat-dır. Hüquqi təmsilçisi isə Rəfiyev Müzadil İlqar oğludur.