OPEC-in hasilatı son 35 ilin ən aşağı səviyyəsinə düşüb
ABŞ, İsrail və İran arasındakı müharibənin enerji infrastrukturuna vurduğu ziyan və Hörmüz boğazının bağlanması nəticəsində qlobal neft tədarükü aprel ayında gündəlik 1,8 milyon barel azalıb.
AFN.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarı hesabatına əsasən, bu prosesdə OPEC+ qrupunun istehsalı tarixi enişlə son 35 ilin ən aşağı həddinə geriləyib.
Hesabatda qeyd olunur ki, Yaxın Şərqdəki infrastruktur hücumları və tanker keçidlərinə qoyulan məhdudiyyətlər fonunda qlobal neft tədarükü 95,1 milyon barelə düşüb, müharibənin başlanğıcından bəri ümumi tədarük itkisi isə gündəlik 12,8 milyon barelə çatıb.
Bu dövrdə OPEC və qeyri-OPEC ölkələrindən ibarət qrupun gündəlik hasilatı 40,1 milyon barelə qədər azalıb ki, bu da müharibədən əvvəlki səviyyədən 11,9 milyon barel aşağıdır.
OPEC+ xaricindəki ölkələrin tədarükü isə apreldə cüzi artımla 54,9 milyon barelə yüksəlsə də, İranın Qətərdəki enerji obyektlərinə hücumları səbəbindən bu rəqəm münaqişədən əvvəlki dövrlə müqayisədə hələ də aşağıdır.
Körfəz ölkələrinin Hürmüz boğazından istifadə etmədən reallaşdırdığı ixrac apreldə 7,8 milyon barelə çıxıb, lakin ümumilikdə regionun neft istehsalı müharibənin əvvəlindən bəri 45 faiz azalaraq 17,6 milyon barel təşkil edib.
Hazırda Hürmüz boğazı faktiki olaraq bağlıdır və proqnozlara görə, bu vəziyyət iyunun əvvəlinə qədər davam edə bilər. Minalardan təmizləmə işlərindən sonra ixracın tam bərpası iki-üç ay çəksə də, istehsalın köhnə səviyyəsinə qayıtması daha uzun zaman tələb edəcək.
IEA-nın proqnozuna görə, qlobal neft tədarükü mayda daha 530 min barel azalacaq və yalnız 2026-cı ilin üçüncü rübündən etibarən mərhələli bərpa dövrü başlayacaq.
Qətərdəki itkilər qeyri-OPEC istehsalına təzyiq göstərsə də, ABŞ, Kanada, Braziliya, Qayana və Argentinanın daxil olduğu "Amerika beşliyi"ndəki artımın bu boşluğu qismən dolduracağı gözlənilir.
Hürmüz boğazındakı gərginlik səbəbindən Körfəz ölkələrindən qaynaqlanan ümumi neft itkisinin artıq 1 milyard bareli keçdiyi və bunun görünməmiş bir tədarük şoku yaratdığı bildirilir. Buna baxmayaraq, bazarda yaranan kəsirin həm istehsalçıların, həm də istehlakçıların reaksiyası sayəsində hələlik daha məhdud səviyyədə qaldığı vurğulanır.



