Pakistan İranın Nur Xan Hava Bazasına hərbi təyyarələr göndərməsi iddiasını rədd etdi



Pakistan Xarici İşlər Nazirliyi İranın ölkədəki Nur Xan Hava Bazasına çoxsaylı hərbi təyyarələr göndərdiyi barədə ABŞ mediasında yayılan xəbəri yanıltıcı adlandıraraq qəti şəkildə təkzib edib.

AFN.az xəbər verir ki, CBS News kanalının ABŞ rəsmilərinə istinadən yaydığı iddia ilə bağlı rəsmi İslamabad açıqlama yayıb.

Pakistan Xarici İşlər Nazirliyinin bəyanatında İran və ABŞ arasında elan edilən müvəqqəti atəşkəsdən sonra Tehran hökumətinin Nur Xan Hava Bazasına çoxsaylı təyyarə göndərməsi barədə xəbərin yanıltıcı və sensasiya xarakterli olduğu bildirilib. Qeyd olunub ki, bu cür iddialar bölgədə sabitlik və sülh səylərinə zərər vurmağa yönəlib.

Açıqlamada bildirilib ki, İslamabadda keçirilən danışıqların birinci mərhələsi çərçivəsində diplomatik və inzibati heyətin, eləcə də təhlükəsizlik qruplarının hərəkətini asanlaşdırmaq üçün İran və ABŞ-dan bir sıra təyyarələr Pakistan ərazisinə eniş edib. Bəzi təyyarələrin və yardımçı heyətin növbəti danışıqlara hazırlıq məqsədilə müvəqqəti olaraq ölkədə qaldığı da qeyd olunub.

Rəsmi açıqlamada həmçinin vurğulanıb ki, hazırda Pakistan ərazisində yerləşən İran təyyarəsi atəşkəs dövründə ölkəyə gəlib və hər hansı hərbi fövqəladə vəziyyət və ya saxlanma məqsədi daşımır. “Əksini iddia edən xəbərlər spekulyativ, yanıltıcı və reallıqdan uzaqdır”, – deyə bəyanatda qeyd olunub.

Pakistan tərəfi özünün hər zaman dialoqu təşviq edən, gərginliyin azaldılmasına töhfə verən və vasitəçilik rolunu oynayan məsuliyyətli bir aktor olduğunu bildirib. Qeyd edək ki, CBS News-un 11 may tarixli xəbərində ABŞ rəsmilərinə istinadla 8 aprel tarixində əldə edilən müvəqqəti atəşkəsdən bir neçə gün sonra İranın Pakistanın Nur Xan Hava Bazasına çoxsaylı hərbi təyyarə göndərdiyi iddia olunmuşdu.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu