Saleh Səmədov ev dustaqlığına buraxılmadı
İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
AFN.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Bu gün hakim Leyla Əsgərova Məmmədovanın sədrliyi ilə hazırlıq iclası keçirilib.
İclasda təqsirləndirilən şəxsin hüquq və vəzifələri izah edilib, ilkin dinləmələr keçirilib. Saleh Səmədov Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur. Bu maddələrin sanksiyası 5 ildən 10 ilə kimi həbs cəzasını nəzərdə tutur.
Vəkili Ceyhun Məmmədov müvəkkilinin yaşını və səhhətini nəzərə alaraq barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəsə də, məhkəmə vəsatəti təmin etməyib. Cinayət işi məhkəmə baxışına verilib və əsas iclas mayın 20-nə təyin edilib.
Xatırladaq ki, Saleh Səmədov ötən il Faşizm üzərində Qələbə Günü tədbirində SSRİ bayrağı altında və sinəsində “Georgi lenti” ilə çıxış etməsi ilə ictimai qınağa tuş gəlmişdi. Bu qalmaqaldan sonra vəzifəsindən azad edilən S.Səmədovun daha sonra DTX tərəfindən korrupsiya cinayətləri üzə çıxarılıb. O, artıq bir ildir həbsdədir.
