Brent neftinin qiyməti 105 dollar səviyyəsini keçdi
Brent neftinin bir barreli beynəlxalq fyuçers bazarlarında 105,42 dollardan satılır. AFN.az xəbər verir ki, əvvəlki gün 105,99 dollara qədər yüksələn Brent neftinin qiyməti günü 104,21 dollardan bağlayıb.
Bu gün saat 10:28-ə olan məlumata görə, Brent nefti bağlanış qiymətinə nisbətən 1,2 faiz artaraq 105,42 dollar olub. Eyni vaxtda ABŞ-ın West Texas Intermediate (WTI) markalı xam nefti isə 99,47 dollar səviyyəsində alıcı tapıb.
Qiymətlərin artmasına əsas səbəblərdən biri ABŞ Prezidenti Donald Trampın İranla atəşkəsin “həyat dəstəyinə bağlı şəkildə davam etdiyini” deməsi və Yaxın Şərqdə gərginliyin azalacağı ilə bağlı gözləntiləri zəiflətməsi olub. Tramp dünən etdiyi açıqlamada İranın göndərdiyi son təklifi “axmaq” adlandıraraq, atəşkəsin hazırda ən zəif anında olduğunu bildirib.
O, həmçinin Hörmüz boğazından ticarət gəmilərinin təhlükəsiz keçidini təmin etmək üçün başladığı, lakin qısa müddət sonra dayandırdığı “Azadlıq Projesi” adlı əməliyyatı yenidən gündəmə gətirməyi düşündüyünü bildirib. Bu bəyanatlar qlobal neft ehtiyatlarının böyük hissəsinin yerləşdiyi Yaxın Şərqdə təchizat risklərini artıraraq qiymətlərin yüksəlməsinə təkan verib.
Texniki analizə görə Brent neftində 106,03 dollar səviyyəsi müqavimət, 104,11 dollar isə dəstək zonası kimi izlənir.
