ÜST: Hantavirus yeni bir pandemiyanın başlanğıcı deyil



Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) gəmidə aşkar edilən hantavirus yoluxmaları ilə bağlı yayılan narahatlıqlara cavab verərək, bu virusun yeni pandemiyanın başlanğıcı olmadığını bildirib. 

AFN.az xəbər verir ki, ÜST mövzu ilə bağlı rəsmi yazılı açıqlama yayıb.

Qurumun məlumatına görə, ilkin araşdırmalar ilk yoluxan şəxsin Argentina və Çilidəki fəaliyyəti zamanı ətraf mühitdən yoluxduğunu göstərir. Bildirilib ki, insandan insana ötürülmə ehtimalı olduqca məhduddur və gəmidəki yoluxma zənciri ciddi nəzarət altındadır. Amerika qitəsinin cənubunda qeydə alınan bu yoluxmanın vəhşi təbiət və gəmiricilərlə təmas nəticəsində baş verdiyi ehtimal olunur.

ÜST vurğulayıb ki, hantavirus ümumilikdə insandan insana asanlıqla keçmir. Mövcud vəziyyətdə yalnız yaxın təmasda olan şəxslər üçün müəyyən risk mövcuddur. Qurum risk qrupuna daxil olan şəxsləri 42 gün ərzində hərarət, baş ağrısı, başgicəllənmə və əzələ ağrıları kimi simptomlara qarşı diqqətli olmağa çağırıb.

Təşkilat sonda bildirib ki, hazırkı vəziyyət COVID-19 kimi qlobal pandemiyanın başlanğıcı deyil. Hantavirusun əsasən gəmiricilər vasitəsilə yayıldığı, mövcud karantin tədbirlərinin isə daha geniş yayılma riskini tamamilə məhdudlaşdırdığı vurğulanıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu