ÜST: Atlantik okeanındakı gəmidə 7 hantavirus yoluxması müəyyən edilib
Dünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Atlantik okeanının cənubundakı Argentinadan Afrikanın qərbindəki Kabo-Verdeyə gedən sərnişin gəmisində 7 hantavirus yoluxmasının aşkarlandığını bildirib.
AFN.az xəbər verir ki, Qebreyesus bu barədə rəsmi "X" sosial media hesabında məlumat paylaşıb.
Baş direktor qeyd edib ki, aprelin 1-dən yola düşən gəmidə mayın 4-nə olan məlumata görə, 3 ölüm hadisəsi də daxil olmaqla, 7 yoluxma (2 təsdiqlənmiş və 5 şübhəli) qeydə alınıb. Mövcud məlumatlara əsasən, ÜST bu virusun qlobal əhali üçün riskini aşağı qiymətləndirir.
Qebreyesus təşkilatın vəziyyəti izləməyə davam edəcəyini, gəmidəki sərnişin və heyətə dəstək olmaq üçün müvafiq ölkələr və gəmi operatoru ilə sıx əməkdaşlıq etdiklərini bildirib. Beynəlxalq müdaxilə tədbirlərinə dərinləşdirilmiş araşdırmalar, xəstələrin izolyasiyası və tibbi təxliyə daxildir.
Qeyd edək ki, hantavirus əsasən gəmiricilərdən yoluxan xəstəlikdir. Gəmiricilərin ifrazatları ilə çirklənmiş havanın tənəffüs edilməsi və ya dişləmə vasitəsilə keçən bu virus ağır hallarda tənəffüs çatışmazlığına və böyrək çatmazlığına səbəb ola bilir.

