ABŞ-da bələdiyyə sədri Çinə casusluq iddiasına görə istefa verdi
ABŞ-ın Kaliforniya ştatında yerləşən Arkadia şəhərinin bələdiyyə sədri Eylin Vanq Çin hökuməti adına qanunsuz fəaliyyət göstərdiyini etiraf edərək vəzifəsindən istefa verib.
AFN.az xəbər verir ki, o, apreldə ona qarşı irəli sürülən Çin hökuməti üçün casusluq fəaliyyəti ittihamını rəsmi şəkildə qəbul edib.
Vanq ABŞ hökumətinə məlumat vermədən Çin rəsmilərinin göstərişləri ilə Pekini dəstəkləyən məzmunları internetdə paylaşmaqda ittiham olunub. Onun vəkilləri müvəkkilinin ittihamların ciddiyyətini anladığını və keçmiş şəxsi səhvlərinə görə məsuliyyət götürdüyünü bildiriblər.
Məhkəmə sənədlərində qeyd olunur ki, Vanq və digər şübhəli sayılan Yaoninq “Mike” Sun 2020–2022-ci illər arasında Çin maraqlarını dəstəkləmək məqsədilə ABŞ-da təbliğat fəaliyyəti aparıblar. Sənədlərə əsasən, həmin şəxslər Çin əsilli amerikalılara yönələn “US News Center” adlı xəbər saytını idarə ediblər.
Bu platformada Çin rəsmilərinin birbaşa göstərişləri ilə Pekini dəstəkləyən materiallar yayımlanıb. İstintaq materialları göstərir ki, bələdiyyə sədri fəaliyyətini gizli saxlayaraq xarici agent kimi qeydiyyatdan keçmədən xidmət göstərib.




