Venesuela mübahisəli bölgəni rəsmi xəritəsinə daxil etdi



Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqes qonşu Qayana ilə illərdir mübahisə mövzusu olan Esequibo bölgəsini Venesuela xəritəsinə daxil edərək sosial media hesabında paylaşıb.

AFN.az xəbər verir ki, Rodriqes Beynəlxalq Ədalət Məhkəməsində (BƏM) davam edən Esequibo məhkəməsi ilə bağlı qısa qiymətləndirmə apararaq, "Venesuelalı olmaqdan və Haaqada bütöv Venesuelamızı müdafiə etmiş olmaqdan hər zaman qürur duyuruq" ifadəsini işlədib.

Haaqada jurnalistlərə açıqlama verən Rodriqes BƏM-in bu məsələdə mühakimə səlahiyyətinə malik olmadığını iddia edərək, ölkəsinin məhkəmə qərarlarını tanımasının hüquqi cəhətdən mümkün olmadığını bildirib.

O, 1966-cı il Cenevrə Müqaviləsinin yeganə keçərli hüquqi sənəd olduğunu müdafiə edərək, 1899-cu il arbitraj qərarının keçərsizliyi fonunda Venesuelanın öz suverenliyini qorumağa davam edəcəyini vurğulayıb.

Xatırladaq ki, Esequibo bölgəsi zəngin təbii ehtiyatları ilə tanınır və Qayana ərazisinin təxminən üçdə ikisini təşkil edir.

Venesuela rəhbərliyi 2023-cü ildə keçirilən referendumdan sonra bölgəni ölkənin 24-cü ştatı kimi tanıyan inzibati strukturlar qurmağa başlamış və mübahisəli ərazini rəsmi xəritələrə bərpa ediləcək zona kimi deyil, birbaşa ölkənin tərkib hissəsi kimi əlavə etmişdir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu