Maradonanın ölümü ilə bağlı məhkəmədə iki həkim ifadə verib
Argentinalı əfsanəvi futbolçu Dieqo Armando Maradonanın ölümü ilə bağlı davam edən məhkəmə prosesində ifadə verən iki həkim onun vəfatından qısa müddət əvvəl yüksək qan təzyiqi dərmanlarını qəbul etməyi dayandırdığını qeyd edib.
AFN.az xəbər verir ki, Buenos-Ayresdəki San-İsidro Cinayət Məhkəməsində keçirilən iclasda çıxış edən kardioloq Oskar Franko və daxili xəstəliklər mütəxəssisi Markos Korrea futbolçunun son sağlamlıq durumu barədə məlumat veriblər.
Həkimlər ciddi ürək problemləri olan Maradonanın təzyiq dərmanlarından imtina etməsinin onun vəziyyətini daha da pisləşdirdiyini və ürək çatışmazlığı riskini artırdığını bildiriblər.
Prokurorluq isə iddia edir ki, tibbi heyət futbolçunun keçmişdən gələn xəstəliklərini yetərincə nəzərə almayıb, ev şəraitində göstərilən yardım qeyri-kafi olub və o, faktiki olaraq taleyin ümidinə buraxılıb.
Hazırda iş üzrə aralarında beyin cərrahı Leopoldo Luke və psixiatr Aqustina Kosaçovun da olduğu 7 tibb işçisi ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə mühakimə olunur.
Xatırladaq ki, futbol tarixinin ən böyük ulduzlarından biri olan Maradona 25 noyabr 2020-ci ildə xroniki ürək çatışmazlığı fonunda yaranan kəskin ağciyər iltihabı nəticəsində dünyasını dəyişib.


