Çin Aİ-nin 17-ci sanksiyalar paketinə etiraz edib

Çin Aİ-nin anti-Rusiya sanksiyalarına kəskin etiraz etdi
AFN.az xarici mediaya istinadən xəbər verir ki, Çin hakimiyyəti Avropa İttifaqının 17-ci anti-Rusiya sanksiyalar paketinə, xüsusilə də Çin şirkətlərinin də bu siyahıya daxil edilməsinə kəskin etirazını bildirib.
Bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq açıqlama verib. Diplomat bildirib ki, Pekin hər zaman beynəlxalq hüquqa əsaslanmayan və BMT Təhlükəsizlik Şurasının təsdiqləmədiyi birtərəfli sanksiyalara qarşı olub.
"Ukrayna böhranı ilə bağlı olaraq, Çin hər zaman sülh yolu ilə nizamlanma və danışıqların təşviqi üçün səy göstərib", - deyə Mao Ninq əlavə edib. O vurğulayıb ki, Çin heç vaxt münaqişə tərəflərinə öldürücü silahlar satmayıb və ikili təyinatlı malların ixracına ciddi nəzarət edir.
Onun sözlərinə görə, hazırda Aİ və ABŞ da daxil olmaqla bir çox ölkələr Rusiya ilə ticarət əlaqələrini davam etdirirlər. "Çin və Rusiya şirkətləri arasında normal qarşılıqlı əlaqə və əməkdaşlıq üçüncü tərəflərin müdaxiləsinə məruz qalmamalıdır", - deyə Mao Ninq bildirib.
Çin rəsmisi Aİ-ni ikili standartlardan istifadəni dayandırmağa və Çin şirkətlərinin maraqlarına zərər vurmaqdan çəkinməyə çağırıb. "Əgər bu davam edərsə, Çin lazımi cavab tədbirləri görəcək və qanuni hüquq və maraqlarını qətiyyətlə qoruyacaq", - deyə o yekunlaşdırıb.