Kosovanın paytaxtı Priştinanın küçələri tətil səbəbilə zibillə dolub

Kosovanın paytaxtı Priştinada bərk tullantıların idarə olunması sahəsində bələdiyyə ilə tullantıların toplanmasına məsul şirkət arasında yaşanan anlaşılmazlıqlar səbəbindən başlanan tətil şəhər küçələrinin zibillə dolmasına səbəb olub.
Priştinada tullantıların toplanmasına məsul yeganə regional dövlət şirkəti olan “Pastrimi”nin əməkdaşları bələdiyyənin təxminən 2,7 milyon avro dəyərindəki borcunu ödəmədiyini, bu səbəbdən əməkhaqqıların və zibil maşınları üçün yanacaq təminatının təhlükə altına düşdüyünü əsas gətirərək bir neçə gün öncə işi dayandırıblar.
Bələdiyyə rəsmiləri bu cür borcun olmadığını iddia etsə də tərəflər problemin həlli ilə bağlı razılığa gələ bilməyiblər.
“Pastrimi” işçilərinin bir neçə gündür davam edən tətili nəticəsində xüsusilə zibil konteynerlərinin ətrafında iri tullantı yığınları əmələ gəlib.
Priştina Bələdiyyə Başçısı Perparim Rama sosial şəbəkədəki paylaşımında “Pastrimi” şirkətinin pis idarə olunduğunu, rəhbərliyin məsuliyyətsizliyi səbəbindən çətin vəziyyətdə olduğunu bildirib.
Rama qeyd edib ki, Priştina Bələdiyyəsi digər bələdiyyələrlə birlikdə şirkəti sabitləşdirmək, işçilərin rifahını və şirkətin normal fəaliyyətini təmin etmək məqsədilə tədbirlər görəcək. Təmiz mühit və ictimai sağlamlığın qorunması məqsədilə tullantıların yığılması xidmətinin davamlılığını təmin etmək üçün bələdiyyələr özəl şirkətlərlə əməkdaşlıq edəcək.
Kosova Milli İctimai Səhiyyə İnstitutu isə yaydığı açıqlamada şəhər tullantılarının düzgün idarə olunmasının sağlamlıq və təmiz mühit baxımından həyati əhəmiyyət kəsb etdiyini bildirib və vəziyyətin bu şəkildə davam etməsi halında yoluxucu xəstəliklərin yayıla biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Priştina Prokurorluğu da mövcud vəziyyətlə bağlı sübutların toplanması üçün polisə səlahiyyət verdiyini açıqlayıb.
Qeyd edək ki, Priştinada tullantıların idarə olunması ilə bağlı yaranan çətinliklər səbəbilə bu ilin fevral ayında fövqəladə vəziyyət elan olunmuşdu.