Aİ Rusiyadan qaz üçün sıfır kvotanı nəzərdən keçirir

Avropa Rusiyadan qaz və LNG idxalını qadağan etmək planı üzərində işləyir
AFN.az xəbər verir ki, Avropa rəsmiləri və biznes nümayəndələri 2027-ci ilin sonuna kimi Avropa Komissiyasının Rusiyadan boru kəməri qazı və maye təbii qaz (LNG) idxalına qadağa planını həyata keçirmək üçün mümkün mexanizmləri müzakirə edirlər.
"Bloomberg" agentliyinin məlumatına görə, birbaşa sanksiyalar istisna edilib. Belə ki, onların tətbiqi üçün Avropa İttifaqına üzv olan bütün dövlətlərin yekdil razılığı tələb olunur. Lakin Macarıstanvə Slovakiya kimi ölkələrin etirazı bu prosesi çətinləşdirir.
Alternativ olaraq, Avropa İttifaqı sıfır kvota tətbiq etməklə tədarüklərə dolayı qadağa qoya bilər. Bu halda qərar qəbul etmək üçün ixtisaslı səs çoxluğu yetərlidir. Bu mexanizm Avropa şirkətlərinə Rusiya ilə bağlanmış müqavilələri fors-majorsəbəb göstərməklə ləğv etmək imkanı verəcək.
Müvafiq təklifin iyun ayının ortalarında rəsmi şəkildə təqdim olunacağı gözlənilir. Sonrakı mərhələdə hüquqşünaslar sənədləri təhlil edərək, bu mexanizmin Avropa şirkətlərinə cərimə ödəmədən Rusiya ilə müqavilə öhdəliklərindən imtina etmək imkanı verib-vermədiyini müəyyən edəcəklər.