İlk robot taksi Texasda istifadə ediləcək

Gələn ay Texas ştatının Ostin şəhərinin küçələrində tamamilə sürücüsüz taksilər peyda olacaq.
AFN.az xəbər verir ki, bu barədə "Tesla"nın sahibi İlon Mask bildirib.
Onun sözlərinə görə, əvvəlcə cəmi 10 taksi fəaliyyətə başlayacaq və uğurlu alınarsa, park minlərlə avtomobilə qədər genişlənəcək. "Bizim üçün kiçikdən başlamaq, hər şeyin yaxşı getdiyinə əmin olmaq və sonra miqyasını genişləndirmək məntiqlidir. Ostindəki debütdən sonra Los-Anceles və San-Fransiskoda, Kaliforniyada robotaksilərin işə salınması planlaşdırılır" - deyə Mask qeyd edib.
Onun sözlərinə görə, şirkət sürücüsüz avtomobillərin hərəkət edə biləcəyi ərazini məhdudlaşdıracaq, çünki bu avtomobillərdə təhlükəsizliyi təmin etmək üçün sürücü olmayacaq. Bununla belə, "Tesla" əməkdaşları avtomobilləri uzaqdan idarə edəcəklər.
Mask qeyd edib ki, "Tesla"nın özünü idarə edən texnologiyası lidar və radar kimi sensorlara deyil, ilk növbədə kameralar və kompüter görmə, süni intellekt sisteminə əsaslanır.
2016-cı ildə Mask ilk dəfə "Tesla" investorlarına şirkətin təxminən bir ildən sonra insan müdaxiləsi olmadan sərnişinləri təhlükəsiz daşıya bilən sürücüsüz avtomobil təqdim edəcəyini bildirsə də, bu avtomobil hələ satışa çıxmayıb.