Siçanlar ölümcül bir bakteriya yaymağa başlayıb

ABŞ-ın Boston şəhərində aparılan altı illik bir araşdırma nəticəsində məlum olub ki, şəhərdəki siçanlar ölümcül "leptospiroz" bakteriyasını yayır. Alimlər genetik analizlər vasitəsilə insanlarda qeydə alınan bir yoluxma halının siçanlarla birbaşa əlaqəli olduğunu da təsdiqləyiblər.
Tufts Universitetinin rəhbərliyi altında, Şimali Arizona Universiteti, ABŞ Kənd Təsərrüfatı Nazirliyi (USDA) və Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) ilə birgə aparılan araşdırma çərçivəsində 2016–2022-ci illər arasında Bostonun 17 fərqli nöqtəsində 328 siçanın böyrək nümunələri analiz edilib.
Test olunan siçanların 18 faizində leptospira bakteriyası aşkarlanıb.
Tədqiqatçılar 2018-ci ildə Boston şəhərində bir xəstədə görülən leptospiroz yoluxmasının eyni bölgədəki siçanlardan götürülmüş nümunələrlə demək olar ki, tam genetik uyğunluq göstərdiyini müəyyən ediblər. Bu kəşf xəstəliyin mənbəyinin şəhər siçanları olduğunu açıq şəkildə sübut edir.
Leptospiroz adətən siçan sidiyi vasitəsilə torpağa, su gölməçələrinə və ya durğun sulara bulaşaraq yayılır. İnsanlar, ev heyvanları və digər canlılar bu mühitlərlə təmasda olduqda yoluxa bilərlər. Bu xəstəlik əsasən tropik bölgələrdə yayılmış olsa da, qlobal istiləşmə ilə əlaqədar olaraq artıq daha sərin iqlimlərdə də müşahidə olunmağa başlayıb.
Tufts Universitetindən Dr. Marieke Rosenbaum bu araşdırma çərçivəsində siçanların böyrəklərindən bakteriyanı kultivasiya etməyə nail olduqlarını və bunun elmi ədəbiyyatda ilk dəfə qeydə alındığını bildirib. Tədqiqat qrupu xüsusi DNT tutma texnologiyaları ilə Leptospira bakteriyasının tam genetik ardıcıllığını analiz edib.
Şimali Arizona Universitetindən Prof. Dr. Deyv Vagner bildirib ki, tətbiq olunan genetik texnikalar leptospiroz tədqiqatlarında yeni bir dövrün başlanğıcını qoyur. “Artıq bakteriyanın şəhər daxilindəki siçan populyasiyaları arasında necə yayıldığını detallı şəkildə izləyə bilirik,” – deyə o vurğulayıb.
Dr. Rosenbaum qeyd edib ki, hər nə qədər insanların siçanlarla birbaşa təması nadir olsa da, xüsusilə evsiz insanlar və açıq havada narkotik istifadə edən şəxslər kimi bəzi qruplar daha yüksək risk daşıyır.
O əlavə edib ki, xəstəliyin çox zaman yüngül qızdırma və ya ümumi narahatlıq kimi simptomsuz və ya zəif əlamətlərlə keçməsi diaqnoz və qeydə alınma hallarının az olmasına səbəb olur. Bəzi hallarda isə antibiotik müalicəsi test aparılmadan xəstəliyi aradan qaldırır və bu da rəsmi statistikalarda əks olunmur.
Araşdırmada Boston şəhərindəki siçan populyasiyalarının genetik olaraq bir-birindən ayrıldığı və hər bir ərazidə illər ərzində özünəməxsus bakterial ştamların formalaşdığı müşahidə olunub. Siçanların təxminən 600 metr məsafəyə hərəkət edə bildikləri, yaşıl zonalar və bioloji dəhlizlərdən istifadə etdikləri, lakin çoxzolaqlı yolların bu hərəkəti məhdudlaşdırdığı müəyyən edilib.
Dr. Rosenbaum qeyd edib ki, şəhərlərdə siçanları tamamilə yox etmək mümkün deyil: “Siçanlarla mübarizəyə yönəlik müdaxilələrin həm heyvan populyasiyasına, həm də xəstəliklərin yayılmasına təsirlərini daha dərindən başa düşməliyik,” – deyə o bildirib.
Araşdırmanın nəticələri elmi tədqiqatlarla tanınan PLOS Neglected Tropical Diseases jurnalında dərc olunub. Mütəxəssislər bildirirlər ki, əldə olunan nəticələr şəhərlərdə həm siçan nəzarət siyasətlərinin, həm də ictimai səhiyyə tədbirlərinin yenidən formalaşdırılmasında mühüm rol oynayacaq.