Fransada həbsxanalara keçirilən telefonların toplanması üçün əməliyyat başladılıb

Fransada müxtəlif yollarla həbsxanalara keçirilən mobil telefonların aşkarlanaraq müsadirə edilməsi məqsədilə ölkə üzrə genişmiqyaslı əməliyyata start verildiyi açıqlanıb.
Milli mətbuatda yer alan məlumatlara görə, Paris prokuroru Lore Bekko yazılı açıqlama ilə ölkə üzrə 66 həbsxanada əməliyyatların başladıldığını bildirib.
Açıqlamada qeyd olunur ki, əməliyyatlar Çin mənşəli bir şirkət tərəfindən bazara çıxarılan və Fransada satılan mini telefonların toplanmasına yönəlib.
Əməliyyatın qanunsuz fəaliyyət göstərən və oğurluq malların alınmasına şərait yaradan bir platforma ilə bağlı aparılan istintaq çərçivəsində başladıldığı, həmçinin gözətçi məntəqələrində aşkarlanmayacaq şəkildə satılan minlərlə telefonun toplanmasını hədəflədiyi vurğulanıb.