"AzInTelecom"dan imei kodlarının kütləvi bağlanması xəbərinə REAKSİYA


"AzInTelecom" MMC Naxçıvanda Vasif Talıbovun vaxtında alınan mobil telefonların imei kodlarının bağlanması ilə bağlı sorğusuna cavab verib.


Qurumdan verilən açıqlamada bildirilir ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”na əsasən, xaricdən gətirilən mobil cihazlar Azərbaycan telekommunikasiya şəbəkəsində istifadə olunması üçün 30 gün ərzində dövlət rüsumu ödənilməklə qeydiyyatdan keçirilməlidir: "Təəssüf ki, bəzi hallarda qeydiyyat rüsumunu ödəmək istəməyən şəxslər (və ya sahibkarlar) daha əvvəl qeydiyyatdan keçirilmiş cihazların IMEI kodlarının surətini yenilərinə köçürərək onların satışını həyata keçirirlər.

Bu çərçivədə Azərbaycana gətirilən mobil cihazların qanunsuz yollarla qeydiyyatdan keçirilməsinə qarşı “AzInTelecom” MMC tərəfindən mütəmadi mübarizə tədbirləri aparılır. Sorğunuzla bağlı bildiririk ki, mübarizə tədbirləri xüsusi olaraq hər hansı bölgə üzrə yox, bütün ölkə ərazisində həyata keçirilir. Mütəmadi monitorinqlər nəticəsində surəti köçürülmüş IMEI kodlar aşkarlanaraq onlara “klon” statusu verilir. “Klon”laşdırılmış IMEI kodlarla istifadə olunan cihazlara məhdudiyyət tətbiq olunur.

Bu cür hallarla qarşılaşmamaq üçün mobil cihaz alarkən mütləq IMEI kodunun orijinallığını yoxlamaq tövsiyə olunur. Yoxlamanı “portal.rinn.az” saytında ödənişsiz həyata keçirmək mümkündür. Bunun üçün cihazın ekranında *#06# yığaraq çıxan kodu kopiyalayıb saytda “IMEI yoxlama” hissəsinə yapışdırmaq və “yoxla” düyməsini sıxmaq kifayətdir".

Qeyd edək ki, AFN.az Muxtar Respublikadakı mənbəyə istinadən V.Talıbovun vaxtında alınan telefonların imei kodlarının kütləvi bağlandığı haqda xəbər vermişdi. Mövzu ilə bağlı "AzInTelecom" MMC-yə sorğu ünvanlamışdıq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu