Fransada müxtəlif həbsxanalara hücumlar həyata keçirilib

Fransanın müxtəlif şəhərlərində gecə saatlarında həbsxanalara hücumlar edilib.
Fransanın ədliyyə naziri Gerald Darmanin bununla bağlı açıqlama verib
Həbsxana işçilərinə dəstək üçün bu gün Tulona gedəcəyini bildirən Darmanin, Fransanın narkotik ticarəti problemi ilə üzləşdiyini və cinayət təşkilatlarını böyük dərəcədə narahat edəcək tədbirlər gördüyünü qeyd edib.
BFMTV kanalının Ədliyyə Nazirliyi mənbələrinə istinadən verdiyi xəbərə görə, gecə saatlarında hücuma məruz qalan müəssisələr arasında Tulon, Marsel, Luynes və Valens həbsxanaları da var.
Luynes və Valens həbsxanalarının dayanacaqlarında avtomobillər yandırılıb, Tulon həbsxanasının qapılarına avtomat silahlardan atəş açılıb.
Mənbə bu hücumların Fransada yüksək təhlükəsizlik həbsxanalarının yaradılmasına və Ədliyyə Nazirliyinin narkotik şəbəkələrinə qarşı strategiyasına reaksiya olaraq planlaşdırılmış və koordinasiyalı şəkildə həyata keçirildiyini bildirib.