Azərbaycanda erkən nikahlar azalır, yoxsa "gizlənir"?
Son günlərdə medianın gündəmində olan 15 yaşlı uşağın ana olması xəbəri, çox ciddi bir problemin həllində aciz qaldığımızı bütün çılpaqlığı ilə ortaya qoydu.
Cəmiyyət olaraq hələ də ən həssas nöqtəmizdən yaralı olduğumuz bu faktla bir daha üzə çıxdı. Lakin bu hadisə sadəcə bir qanun pozuntusu və ya növbəti bir kriminal xəbər deyil; bu, uşaqlığın, gələcəyin və bir fərdin hüquqlarının sistemli şəkildə əlindən alınmasıdır. Dövlət qanunları nə qədər sərtləşdirsə, nə qədər ciddi nəzarət edilsə də, bəzi insanların beynindəki köhnə fikirləri dəyişmək olmur. Onlar hələ də qız uşaqlarına bir insan kimi yox, evdən tez çıxarılmalı olan “yük” kimi baxırlar və bəhanə olaraq mentaliteti irəli sürürlər.
2025-ci il üzrə yekun və 2026-cı ilin birinci rübü üzrə açıqlanan statistik rəqəmlərin analizi iki fərqli reallığı ortaya qoyur: dövlətin artan inzibati nəzarəti və cəmiyyətin daxilində kök salmış gizli müqavimət.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) 2025-ci ildə araşdırdığı 60 haldan 41-nin qarşısının alınması, dövlət mexanizminin hadisə yerinə yetişmə sürətinin artdığını göstərir. Lakin bu rəqəm həm də qorxulu bir sual doğurur: 2026-cı ildə niyə hələ də ailələr öz uşaqlarını "yad qapısına" itələməyə bu qədər can atır? Burada hüquqi problemdən daha çox, dərin bir sosial düşüncə böhranı özünü göstərir.
Dövlət Statistika Komitəsinin məlumatları göstərir ki, 2026-cı ilin yanvarında ümumi nikahların sayı kəskin azalıb (1000 nəfərə düşən əmsal 5,4-dən 3,4-ə enib). Bu azalma ilk baxışda erkən nikahların da azalması fikrini yarada bilər. Lakin reallıq fərqlidir: rəsmi nikahların azalması toy mərasimlərinin və qeyri-rəsmi ittifaqların azalması demək deyil. Əksinə, qanunun cəza qılıncından qorxan ailələr rəsmi qeydiyyatdan qaçaraq, qeyri-rəsmi dini nikahlar (kəbin) vasitəsilə “kölgə ailələr” formalaşdırırlar. Yəni problem yox olmur, sadəcə formasını dəyişir, insanlarımız heç bir çətinlik çəkmədən qanundan qaçmağın yeni yollarını tapırlar.
Təhlükə format dəyişir
2026-cı ilin ilk rübündə Xaçmaz, Goranboy və Ağdamda qarşısı alınan faktlar, eləcə də mediaya sızan Şəmkir, Cəlilabad və Sabirabaddakı yeniyetmə qızların toy hazırlıqları problemin coğrafiyasının nə qədər geniş olduğunu göstərir. DSK-nın doğum statistikası da təsdiqləyir ki, 15-17 yaşlı analar tərəfindən dünyaya gətirilən uşaqların böyük hissəsi regionların payına düşür. Məsələn, 2024-cü ildə Azərbaycanda 18 yaşadək analar 1 279 uşaq dünyaya gətirib. Onlardan 878-i kənd yerlərinin, 401-i isə şəhərlərin payına düşüb. Bu da göstərir ki, erkən analıq hallarının təxminən 69 faizi region və kənd ərazilərində qeydə alınıb.
Lakin erkən nikah artıq yalnız ucqar kəndlərin, savadsız mühitin problemi deyil. Təhlükə artıq çoxdan böyük şəhərlərə, urbanizasiya mühitinə də adlayıb. Sosial media platformalarında (xüsusən TikTok və Instagram-da) qeyri-rəsmi münasibətlərin, erkən yaşda ailə qurmağın "cazibədarlığı"nın təşviq olunması, dini nikahların yetkinlik yaşına çatmayanlar arasında az qala bir trend kimi təbliği və ailələrin iqtisadi qeyri-sabitliyi şəhər mühitində də erkən nikah riskini kəskin artırıb.
Yanğınsöndürmə taktikası və reabilitasiyada boşluq
Çıxış yolunu tapmaq üçün araşdırmalar apardıqda, əsas tənqid olumalı olan məqam seçilən mübarizə metodudur. AQUPDK-nın hazırladığı "Risk Xəritəsi" təqdirəlayiq olsa da, dövlət strukturlarının mübarizəsi hələ də "yanğınsöndürmə" üsulu ilə aparılır. Məsələn, toy mağarı sökülür, polis müdaxilə edir, bir nikahın qarşısı alınır. Bəs həmin "xilas edilmiş" qızın sonrakı taleyi necə olur? O, psixoloji travma ilə baş-başa qaldığı o evə, ona "yük" kimi baxan ailəsinin yanına qaytarılır. Onun yenidən təhsilə cəlb olunması, iqtisadi asılılıqdan xilas edilməsi, gələcək peşə reabilitasiyası və ən əsası, o ailənin düşüncə tərzinin reabilitasiyası üçün sistemli bir mexanizm hələ də yoxdur. Komitələr qarşısı alınan nikahların sayı ilə deyil, yenidən parta arxasına, təhsilə qayıdan və cəmiyyətə qazandırılan qızların sayı ilə hesabat verməlidir.
15 yaşlı ana indi hardadır, bilən varmı?
Bu gün xəbərləri bəzəyən, medianın reytinq materialına çevrilən o 15 yaşlı ana indi hardadır, bundan sonra harda olacaq?! Onun vəziyyətindən kim xəbərdardır? İnformasiya getdi, hərə öz İP-ni "qazandı", müzakirələr səngidi, cəmiyyət yeni-yeni mövzulara kökləndi. Geriyə acı bir reallıq buraxdıq: o gənc qız özü hələ hüquqi baxımdan uşaqdır! 18 yaşı tamam olmadığı üçün onun dövlətin uşaq müdafiəsi ilə bağlı xidmətlərindən yararlanmaq hüququ var, lakin o, eyni zamanda bir körpə anasıdır. Ortada qorxunc bir hüquqi və sosial paradoks yaranır: Dövlətin himayəsinə ehtiyacı olan bir uşaq, başqa bir uşağı böyütmək məsuliyyəti ilə baş-başadır. Bu qızların sosial müavinət alması, tibbi xidmətlərə əlçatanlığı, psixoloji dəstək mexanizmi hansı səviyyədədir?
Statistika Komitəsinin hesabatlarında boşanmaların sayının yüksək qalması da (2026-cı il yanvarında 1779 boşanma) bu sistemli zəncirin qırılma nöqtəsidir. Erkən yaşda qurulan "romantik" və ya məcburi nikahların böyük bir qismi çox qısa müddətdə psixoloji və iqtisadi çətinliklər, məişət zorakılığı səbəbindən dağılır. Nəticədə cəmiyyət fəsadlarla üz-üzə qalır: təhsilsiz, peşəsiz gənc analar və natamam, travmalı mühitdə böyüyən uşaqlar ordusu...
"Reaksiya" yox, sistemli dəyişiklik zamanıdır
Hər iki komitənin rəqəmlərini birləşdirdikdə ortaya çıxan yeganə nəticə budur: Azərbaycanda erkən nikah problemi formasını və metodunu dəyişir, lakin mahiyyət eyni qalır. Deməli, bizim mübarizə üsullarımız da köklü şəkildə dəyişməlidir.
Mütəxəssislər təklif edirlər ki, təhsil sistemində məktəbdən yayınan hər bir 7-11-ci sinif şagirdi üçün avtomatik elektron monitorinq sistemi qurulsun və bu sistem birbaşa hüquq-mühafizə orqanlarına inteqrasiya edilsin. Bundan başqa, qızını erkən nikaha məcbur edən və ya buna şərait yaradan ailələrə verilən bütün sosial yardımların kəsilməsi, bununla yanaşı, sərt maliyyə sanksiyalarının (cərimələrin) tətbiq edilməsi də mexanizmlərə daxil edilməlidir.
Statistika sadəcə rəqəmlərdən ibarət ola bilər, amma unutmamalıyıq ki, hər rəqəmin arxasında yarımçıq qalmış bir ömür, oyuncağı əlindən alınıb qucağına körpə verilən bir UŞAQ dayanır. 2026-cı ilin reallığı bizə pıçıldayır ki, əgər biz sadəcə hadisə baş verəndən sonra reaksiya verməyə davam etsək, hələ uzun illər bu faciələrlə üz-üzə qalacağıq. Bizə "yanğın söndürmək" deyil, o yanğını başladan qaranlıq təfəkkürü kökündən yandırıb kül etmək lazımdır.
Həbibə ABDULLA

