Kirill Dmitriyev: Ukrayna ilə sülh sazişində irəliləyiş əldə olunub
Rusiya Prezidenti Vladimir Putinin beynəlxalq iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev İngiltərə və Avropanın maneələrinə baxmayaraq, Ukrayna ilə sülh sazişi məsələsində irəliləyiş əldə olunduğunu bildirib.
Eyni zamanda Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri olan Dmitriyev Rusiya, Ukrayna və ABŞ arasında aparılan üçtərəfli danışıqlar çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə Rusiya mətbuatına açıqlamalar verib.
Dmitriyev ABŞ Prezidenti Donald Tramp administrasiyası ilə Rusiya-ABŞ iqtisadi əlaqələri üzərində çalışdıqlarını da qeyd edib.
Əbu-Dabidəki danışıqlarda irəliləyiş olub-olmaması ilə bağlı sualı cavablandıran Dmitriyev “Avropa və İngiltərədən müharibəni qızışdıranlar daim bu prosesə mane olmağa çalışırlar. Bu cür cəhdlər nə qədər çox olarsa, irəliləyişin əldə olunduğu bir o qədər aydın görünür. Müsbət irəliləyiş var” deyə vurğulayıb.
Qeyd edək ki, ABŞ, Rusiya və Ukrayna arasında Əbu-Dabidə dünən başlayan üçtərəfli danışıqlar bu gün də davam edir.
