KİV: ABŞ İsraildən danışıqlar müddətində İrana hücum etməməyi xahiş edib
Vaşinqton və Tehran arasında planlaşdırılan danışıqlar ərəfəsində ABŞ administrasiyası İsraildən İrana qarşı birtərəfli hərbi hərəkətlərdən çəkinməyi xahiş edib.
AFN.az xəbər verir ki, bu barədə İsrailin "Ynet" portalı məlumat yayıb.
Məlumata görə, Amerika tərəfi İsrailə gözləmək və "preventiv zərbə kimi riskli addımlar atmamaq" çağırışını ötürüb. Portalın mənbəsi bildirir ki, hazırda iki ölkə arasında koordinasiya "misilsiz" səviyyədədir: "İsrail və ABŞ zabitlərinin qarşılıqlı səfərlərinin sayı inanılmaz dərəcədə artıb, əməkdaşlıq səviyyəsi isə rekord həddədir". Fevralın 3-də İsrailin Baş naziri Benyamin Netanyahu Qüdsdə ABŞ-ın xüsusi elçisi Stiven Uitkoffu qəbul edib və müzakirələrin əsas mövzusu İran ətrafındakı vəziyyət olub.
İranın xarici işlər naziri Abbas Araqçinin bildirdiyinə görə, Vaşinqton və Tehran arasında növbəti danışıqlar raundu fevralın 6-da Omanda baş tutmalıdır. Yanvarın 26-da isə ABŞ Prezidenti Donald Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinin "nəhəng armadasının" İslam Respublikasına tərəf yönəldiyini bəyan etmişdi. O, Tehranın nüvə silahından tam imtina daxil olmaqla "ədalətli və bərabərhüquqlu" sazişə razılaşacağına ümid etdiyini bildirib.
Xatırladaq ki, 2025-ci ildə ABŞ və İran arasında keçirilən beş raund danışıqlar nəticəsiz qalmışdı. Buna səbəb kimi İsrailin İrana qarşı hərbi əməliyyatlara başlaması və ötən ilin iyununda ABŞ silahlı qüvvələrinin İranın nüvə obyektlərinə zərbələr endirməsi göstərilir.
