Yunanıstanda istiyə görə açıq havada işlərə qadağa qoyuldu


Yunanıstanda bu gün havanın çox isti olduğu bölgələrdə saat 12:00-dan 17:00-a qədər açıq havada işçi işlətmək qadağan edilib.



Yunanıstanın Əmək və Sosial Müdafiə Nazirliyinin yaydığı açıqlamada Meteorologiya İdarəsinin bu həftə ölkə üzrə hava temperaturlarının kəskin artacağına dair xəbərdarlığına istinad edilərək, isti hava şəraitində işçilər üçün görülməli olan tədbirlər sadalanıb.



Bu çərçivədə Mərkəzi Makedoniya, İon adaları, Qərbi Yunanıstan, Thessalia, Messiniya bölgələri ilə Sisam və Rodos adalarında bu gün saat 12:00–17:00 aralığında fiziki güc tələb edən işlərdə açıq havada işçi işlətmək qadağan olunub.



Yükdaşıma, kuryer xidməti, tikinti və gəmiqayırma sahələrində də işlər dayandırılıb.



Bundan əlavə, bu səhər İqlim Böhranı və Vətəndaşların Mühafizəsi naziri Yanis Kefaloyannis başçılığı ilə digər aidiyyəti nazirlik və qurumların iştirakı ilə keçirilən iclasda bu həftə ölkə üzrə gözlənilən yüksək temperaturlara qarşı görüləcək tədbirlər müzakirə olunub.



Buna əsasən, Səhiyyə Nazirliyi, Polis Təşkilatı, Sahil Mühafizəsi, Meşə İdarəsi və Turizm Nazirliyinə tabe olan müxtəlif qurumların isti havanın mümkün mənfi təsirlərinə qarşı koordinasiyalı şəkildə hərəkət etməsi qərara alınıb. Silahlı Qüvvələr də xidmət zonalarında patrul xidməti apararaq mümkün təhlükələrə qarşı ayıq olacaq.



Vətəndaşların Müdafiəsi Baş Katibliyi də yaydığı açıqlamada insanlardan yüksək temperaturdan qorunmalarını istəyib. Bildirişdə vətəndaşlara sərin və kölgəli yerlərdə qalmaq, fiziki güc tələb edən işlərdən uzaq durmaq, günəş vannasından çəkinmək, çölə çıxarkən papaq və gün eynəyi taxmaq, açıq rəngli, pambıq paltarlara üstünlük vermək, ağır yeməklər yeməmək, alkoqoldan uzaq durmaq və bol su içmək tövsiyə olunub.



Yunanıstan Meteorologiya İdarəsinin proqnozlarına görə, bu həftə ərzində ölkə üzrə hava temperaturu yüksək olacaq. Bəzi bölgələrdə temperatur 40 dərəcəni keçəcək.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu