Tramp: İran sülhpərvər olsa, sanksiyaları ləğv edə bilərəm

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran sülhpərvər olsa və zərər verməsə, ona qarşı tətbiq olunan sanksiyaları ləğv edə bilər.
ABŞ Prezidenti Donald Tramp gündəmdəki hadisələrlə bağlı açıqlama verib.
İsrailin İrana hücumları ilə başlayan qarşıdurmalarda hər iki tərəfin çox yorulduğunu bildirən Tramp, ABŞ-ın İrana qarşı həyata keçirdiyi hava hücumlarının uğurla nəticələndiyini qeyd edib. O, İranın hücumlardan əvvəl zənginləşdirilmiş uranı başqa yerə daşıdığı iddialarını isə təkzib edib.
Tramp deyib: “Onlar yalnız yaşamaq üçün özlərini qorudular, başqa heç nəyi başqa yerə daşımadılar. Ümumiyyətlə, bizim etdiyimizin mümkün olacağını düşünmürdülər.”
İrana qarşı sanksiyaların davam etdiyini xatırladan Tramp, atəşkəsdən sonra Çinin İrandan neft alacağı ilə bağlı yayılan açıqlamalara münasibət bildirərək deyib:
“Xeyr, mən elə deməmişdim. Sanksiyalar hələ də qüvvədədir. Amma əgər üzərlərinə düşəni etsələr, sülhpərvər olsalar və bizimlə əməkdaşlıq etsələr, artıq zərər verməyəcəklərsə, sanksiyaları ləğv edərəm.”
Tramp, İranla İsrail arasında əldə olunan atəşkəsdən sonra İbrahim Razılaşmalarına qoşulmaq istəyən ölkələr barədə suala belə cavab verib:
“Bəli, hazırda orada həqiqətən çox yaxşı ölkələr var və məncə, biz onları razılaşmaya daxil etməyə başlayacağıq. Çünki əsas problem İran idi.”
Tramp onu da bildirib ki, bir vaxtlar İranın da İbrahim Razılaşmalarına qoşulacağına inanırdı.