Tramp: İsrailin İrana qarşı hücumları yavaşlamayacaq

ABŞ Prezidenti Donald Tramp İsrailin İrana qarşı davam edən hücumlarının yavaşlamayacağını bəyan edib.
Kanadada keçirilən G7 Liderlər Zirvəsindən qayıdarkən "Air Force One" təyyarəsində jurnalistlərə açıqlama verən Tramp, İranla nüvə sazişi məsələsində həqiqi nəticə əldə etmək istədiyini vurğulayıb və Yaxın Şərqdəki hadisələri Ağ Evdəki “Vəziyyət Otağından” izləyəcəyini bildirib.
Prezident Tramp Kanadadan ayrılarkən İranla atəşkəs axtarışında olmadığını, əksinə Tehranın nüvə silahı proqramından tamamilə əl çəkməsini tələb etdiyini qeyd edib.
“Növbəti iki gün ərzində nələr baş verəcəyini görəcəksiniz. İndiyə qədər heç kim yavaşlamayıb,” – deyə Tramp əlavə edib və Tehrandan edilən təxliyələrin təhlükəsiz şəkildə aparılmasına önəm verdiyini bildirib.
Şimali Koreya və Rusiyanın İrana yardım edib-etmədiyi ilə bağlı suala cavabında Tramp, belə bir əlamət görmədiyini deyib.
ABŞ-ın Orta Şərq üzrə xüsusi nümayəndəsi və ya vitse-prezidentin İrana danışıqlar üçün göndərilə biləcəyi ilə bağlı suala isə “Ola bilər. Amma bu, geri döndükdən sonra nə baş verəcəyindən asılıdır,” – deyə cavab verib.
Tramp, İranın ABŞ hərbi qüvvələrinə toxunmamalı olduğunu və ABŞ vətəndaşlarına hər hansı zərər verildiyi təqdirdə sərt cavab veriləcəyini də bildirib.
İranın nüvə proqramının ABŞ müdaxiləsi ilə tamamilə məhv edilə biləcəyi ehtimalına dair sualı cavablandıran Tramp, bu proqramın çoxdan məhv edilməsini arzuladığını vurğulayıb.