İranın xarici işlər naziri: Rusiyanın mövqeləri indiyədək çox yaxşı və qətiyyətli olub


İranın Xarici İşlər naziri Abbas Əraqçi Rusiya Prezidenti Vladimir Putinlə çox yaxşı bir görüş keçirdiyini bildirib və Rusiyanın İrana qarşı hücumlarla bağlı indiyədək nümayiş etdirdiyi mövqeləri çox yaxşı və qətiyyətli adlandırıb.



İranın rəsmi IRNA xəbər agentliyinin məlumatına görə, Əraqçi Putinlə görüşünü media üçün dəyərləndirib.



Putinlə çox yaxşı bir görüş keçirdiyini qeyd edən Əraqçi bildirib ki, görüş zamanı mövcud hadisələr geniş şəkildə müzakirə olunub.



Tehranla Moskvanın beynəlxalq məsələlərdə sıx əməkdaşlıq etdiyini və bir-birinin mövqelərini dəstəklədiyini deyən Əraqçi “Rusiya, İranın nüvə proqramı ilə bağlı həmişə əhəmiyyətli və ciddi rol oynayıb. Buşehr nüvə enerji stansiyası ruslar tərəfindən inşa edilib və İranda rusların iştirakı ilə daha iki enerji stansiyasının layihələndirilməsi və inşası davam edir” deyə əlavə edib.



Əraqçi qeyd edib ki, İrana qarşı hücumların nəticələri region və beynəlxalq ictimaiyyət üçün həmçinin nüvə silahlarının yayılmasının qarşısının alınması sistemi baxımından ortaq narahatlıq doğurur və Rusiya da bu məsələdən ciddi narahatdır.



“Rusiyanın hücumlarla bağlı mövqeləri indiyədək çox yaxşı və qətiyyətli olub” – deyən Əraqçi, Rusiyanın BMT Təhlükəsizlik Şurasında bu məsələ ilə bağlı addım atılması üçün çalışdığını bildirib.



Əraqçi əlavə edib ki, ABŞ-ın vetosu ilə üzləşilsə belə, şura üzvləri bu hücumlara qarşı səslərini bütün dünyaya çatdırmalıdır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu