Almaniya, Fransa və Britaniya İranla təcili nüvə danışıqları üçün hazırdır


Vadeful: Bu addım Yaxın Şərqdə gərginliyin azaldılmasına töhfə verə bilər



Almaniya, Fransa və Böyük Britaniya İranla nüvə proqramı üzrə təcili danışıqlar aparmağa hazır olduqlarını bəyan ediblər. Berlin hesab edir ki, bu addım Yaxın Şərqdə gərginliyin azaldılmasına töhfə verə bilər.



AFN.az xəbər verir ki, bu barədə "Reuters" Almaniyanın xarici işlər naziri İohann Vadefulun açıqlamasına əsasən məlumat yayıb.



Hazırda Yaxın Şərqə səfər edən Vadeful bildirib ki, məqsədi İsrail və İran arasında artan gərginliyin azaldılmasına töhfə verməkdir. O qeyd edib ki, Tehran daha əvvəl konstruktiv danışıqlar imkanından istifadə etməyib.



“Ümid edirəm ki, bu hələ də mümkündür. Almaniya Fransa və Böyük Britaniya ilə birlikdə danışıqlara tam hazırdır. Biz İrana nüvə proqramı ilə bağlı təcili danışıqlar təklif edirik, ümid edirəm ki, bu təklif qəbul olunacaq”, – deyə nazir vurğulayıb.



Almaniya XİN rəhbərinin sözlərinə görə, nüvə sazişinə nail olmaq, İranın bölgə, İsrail və Avropa üçün təhlükə yaratmaması baxımından sülhə gedən yolda əsas şərtdir.



Vadeful əlavə edib ki, münaqişə yalnız o zaman dayandırıla bilər ki, həm İrana, həm də İsrailə müxtəlif tərəflərdən təzyiq göstərilsin.



“Ümumi gözlənti odur ki, qarşıdakı həftə ərzində hər iki tərəf zorakılıq spiralını dayandırmaq üçün ciddi səylər göstərməlidir”, – deyə nazir əlavə edib.



Nazirə İran rejiminin devrilmə ehtimalı ilə bağlı sual ünvanlandıqda, o, İsrailin Tehrandakı hakimiyyəti devirmək niyyətində olmadığını bildirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu