Rubio: ABŞ-ın müttəfiqləri "Patriot" sistemlərini Ukraynaya ötürməyə həvəsli deyillər

ABŞ-ın NATO müttəfiqlərindən heç biri öz "Patriot" hava hücumundan müdafiə sistemlərini Ukraynaya ötürmək istəmir.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi vəzifəsini icra edən Marko Rubio deyib.
“Ukraynalıların tələb etdiyi hava hücumundan müdafiə sistemləri "Patriot" sistemləridir ki, açıq desək, bizdə yoxdur. Amma biz NATO müttəfiqləri ilə sıx işləyirik. Bəzi NATO müttəfiqlərində "Patriot"lar var ki, onlar hava məkanını, məsələn, Kiyev üzərindən qorumaq üçün Ukraynaya verə və ya ötürə bilərlər", - deyə Rubio ABŞ Senatının Xarici İşlər Komitəsində keçirilən dinləmələrdə bildirib.
O qeyd edib ki, bu ölkələrin heç biri sahib olduqları "Patriot" sistemlərindən imtina etmək istəmir. "Biz isə onları kifayət qədər tez istehsal edə bilmirik”, - deyə Rubio vurğulayıb.