ABŞ Ukraynaya “Patriot” sistemləri verəcək
ABŞ Ukraynanın Rusiya raket hücumlarından qorunmasını təmin etmək üçün bu ölkəyə “Patriot” raketdən müdafiə sistemləri göndərməyi düşünür.
AFN.az-ın məlumatına görə, bu barədə jurnalistlərə ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi açıqlama verib. “Bütün imkanlar nəzərdən keçirilir”, - Pentaqon rəsmisi ABŞ-ın “Patriot” batareyalarını birbaşa Ukraynaya ötürməyin mümkünlüyü ilə bağlı suala belə cavab verib.
“Hava hücumundan müdafiə vasitələrinin nəzərdən keçirildiyi vasitələrdən biri də “Patriot”dur”.
Bundan başqa, Pentaqonun sözçüsü Ukraynanın hava hücumundan müdafiəsinin ABŞ üçün prioritet olduğunu da vurğulayıb.
“Biz masada ukraynalılara Rusiyanın hücumlarına müqavimət göstərməyə kömək edəcək bütün variantları nəzərdən keçiririk. Biz ABŞ-ın, müttəfiqlərimizin və tərəfdaşlarımızın nə edə biləcəyinə baxırıq və faydalı ola biləcək variantların əlaqələndirilməsinə baxırıq”.
Eyni zamanda, Pentaqonun sözçüsü general Patrik Rayder ABŞ-ın “Patriot” sistemlərini Ukraynaya ötürməyi planlaşdırmadığını deyib. Lakin o, “Biz bu müzakirələri davam etdirəcəyik və bu mövzuda nə isə elan ediləcəksə, onu da edəcəyik”-deyə qeyd edib.
NATO-nun baş katibi Yens Stoltenberq isə bildirib ki, alyansdakı müttəfiqlər Ukraynanı hava hücumundan müdafiə sistemləri, o cümlədən “Patriot” batareyaları ilə təmin etmək imkanını müzakirə edirlər.
M.Vahidli