"Microsoft" "Windows" xəritələrini bağlayır

"Microsoft" "Windows" xəritələr xidmətini ləğv edib və 2025-ci ilin iyul ayına qədər onu proqramlar mağazasından silmək niyyətində olduğunu bildirib.
AFN.az xəbər verir ki, bu barədə korporasiyanın portalında yer alan bildirişdə qeyd edilib. "Xəritələr tətbiqi köhnəlib və 2025-ci ilin iyul ayına kimi "Microsoft Store"dan silinəcək. Həmin vaxt, həmçinin mağazadan proqrama son yeniləmə olacaq ki, bu da onu qeyri-funksional edəcək", - deyə açıqlamada bildirilir.
"Microsoft" xəbərdarlıq edir ki, iyul ayından sonra xəritələr silinsə, proqramı mağazadan yenidən quraşdırmaq mümkün olmayacaq. İyul ayından sonra interaktiv naviqasiya və xəritə URL-ləri də tətbiqdə işləməyəcək.
Xəritələr proqramı artıq "Windows 11 24H2" versiyasından başlayaraq "Windows"da əvvəlcədən quraşdırılmayıb.