Almaniya Ukraynaya qış ayları üçün əlavə 100 milyon avro yardım edəcək
Almaniya hökuməti qarşıdakı qış aylarında Ukraynaya dəstək üçün 100 milyon avro əlavə yardım edəcək.
AFN.az xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok məlumat verib. Nazir bu planları "Moldovaya maliyyə dəstəyi" adlandırılan platformanın iclasında iştirak etdiyi Kişinyova səfəri zamanı açıqlayıb. O qeyd edib ki, Ukraynaya yardım həm Moldovaya, həm də bütövlükdə Avropa demokratiyasına dəstəkdir.
Almaniya Nazirlər Kabinetinin məlumatına görə, Berlin 2022-ci ilin fevralından etibarən Kiyevə təxminən 35 milyard avro məbləğində yardım edib. Buraya humanitar yardım, birbaşa maliyyə dəstəyi və silah tədarükü daxildir. Ukraynanın enerji sektorunun dəstəklənməsi ilə iki nazirlik məşğul olur - xarici işlər, iqtisadiyyat və iqlim. İki il yarım ərzində iki departament Ukraynaya enerji sistemini dəstəkləmək üçün ümumilikdə 2 milyard avrodan çox vəsait ayırıb.