Braziliya prezidenti Ukrayna ilə bağlı konfransa getməyəcək
Braziliya prezidenti Luiz İnasio Lula da Silva 15-16 iyun tarixlərində İsveçrənin Bürgenstok şəhərində Ukrayna ilə bağlı keçiriləcək konfransda iştirak etməmək qərarına gəlib.
Bu barədə "CNN Brasil" xəbər verib. Bildirilir ki, Lula da Silva ölkənin xarici işlər naziri Mauro Vieira ilə aldığı dəvəti müzakirə edib və onlar konfransda Braziliya nümayəndə heyətinə prezidentin rəhbərlik etməyəcəyinə qərar veriblər. İclasda Cənubi Amerikanın ən böyük ölkəsini kimin təmsil edəcəyi hələlik məlum deyil.
"CNN Brasil"in məlumatına görə, Braziliya hakimiyyəti prezidentin iştirakının mənası olmadığı qənaətinə gəlib, çünki münaqişənin hər iki tərəfi konfransda iştirak etməyəcək.
İsveçrə Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirib ki, Bern bu konfransa Yeddilik Qrupu, İyirmilik Qrupu və BRİKS ölkələrindən 160-dan çox nümayəndə heyəti dəvət edib. Hazırda bu görüşə dəvət olunanlar arasında Rusiya yoxdur.