XİN-dən Avropa İttifaqının bəyanatına sərt REAKSİYA


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Avropa İttifaqının son hərbi eskalasiyanın səbəblərini, habelə Ermənistan silahlı qüvvələrinin həm mülki əhaliyə, həm də hərbi qulluqçulara qarşı həyata keçirdiyi qanunsuz hərbi fəaliyyətin dayandırılması istiqamətində Azərbaycanın öz suveren ərazilərində fəaliyyətini qəsdən təhrif edən bəyanatını rədd edir.


AFN.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borelin Azərbaycan Silahlı Qüvvələri tərəfindən ölkənin Qarabağ bölgəsində həyata keçirilən lokal antiterror tədbirləri ilə bağlı bəyanatını şərhində deyilir.

“Avropa İttifaqının hazırkı hərbi eskalasiyanın səbəblərini, eləcə də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın suveren ərazilərində həm mülki əhaliyə, həm də hərbçilərə qarşı həyata keçirdiyi qanunsuz fəaliyyətə son qoymaq üçün Azərbaycan tərəfindən atılan addımları qəsdən təhrif edən bəyanatı bizi təəssüfləndirdi.

Hazırda Azərbaycanın həyata keçirdiyi hərbi antiterror əməliyyatı Ermənistanın qanunsuz silahlı birləşmələri tərəfindən bir sıra irimiqyaslı hərbi təxribatlara və bir gündə erməni qüvvələrinin təxribatçı hərəkətləri nəticəsində baş verən mina partlayışında iki dinc sakin və dörd hərbçi həlak olmasına səbəb olan terror aktlarına qarşı yönəlib. Həmçinin, minaatan hücumları nəticəsində iki hərbçimiz yaralanıb.

Üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq ərazilərimizi boşaltmayan Ermənistan silahlı qüvvələri tərəfindən törədilə biləcək mümkün irimiqyaslı təxribatların qarşısını almaq üçün Azərbaycan tərəfindən antiterror tədbirləri görülüb.

Azərbaycanın suveren ərazilərində beynəlxalq hüquqa zidd olan hər hansı hərbi mövcudluq regional sülhə və təhlükəsizliyə ciddi təhdiddir və Azərbaycanın bugünkü addımları bu qanunsuz qüvvələrin çıxarılmasına və qondarma rejimin buraxılmasına yönəlib.

Azərbaycan dinc erməni sakinlərə hücum etmir və bu barədə istənilən iddia əsassız və qəbuledilməzdir.

Azərbaycan bütün sakinlərini, o cümlədən erməni əsilli sakinləri qorumağa və bütün Azərbaycan ərazisində öz Konstitusiya quruluşunu bərpa etməyə tam sadiqdir”, - şərhdə bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu