Qərb rayonlarında selə görə bağlanan yollarda nəqliyyatın hərəkəti bərpa olunub
Daşkəsən, Göygöl və Goranboy rayonlarında sel səbəbindən yaranan fəsadlar nəticəsində bağlanan avtomobil yollarında nəqliyyatın hərəkəti bərpa olunub.
"Report"un Qərb bürosunun məlumatına görə, mayın 25-i axşam saatlarından başlayaraq yağan leysan yağışların yartdığı sel suları yüksək dağlıq kəndlərdə yol təsərrüfatına da zərər vurub.
Selin gətirdiyi iri ağac kötükləri, qaya parçaları və palçıq nəqliyyatın hərəkətində çətinliklər yaradıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun "Report"un yerli bürosuna bildirib ki, dünən axşam saatlarından hər üç rayonun yol polisləri əraziyə cəlb olunub, nəqliyyatın hərəkətinin bərpası istiqamətində digər qurumların əməkdaşları ilə yanaşı, onlar da üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetiriblər: "Kəskin hava şəraiti müşahidə olunan bu rayonlarda axşam saatlarından etibarən hərəkətə bağlanmış bəzi avtomobil yollarında sıxlıq olub. Bunu nəzərə alaraq hərəkətin bərpası üçün yol polisi əməkdaşları əraziyə cəlb olunub və avtomobillərin hərəkətinin bərpası üçün işlər aparılıb. Hazırda Daşkəsən, Göygöl və Goranboyda sel fəlakəti olan kəndlərdə nəqliyyatın hərəkətində problem yoxdur".
Onun sözlərinə görə, yerli polis şöbələrinin əməkdaşları da ərazidə öz xidmətlərini davam etdirirlər: "Polislər insanların təxliyəsində, ərazidə elektrik və qaz xətlərində baş verə biləcək təhlükələrin araşdırılmasında da çalışırlar. Onlar sakinlərə məxsus obyektlər və evlərdən, həmçinin tövlələrdən oğurluq olmaması üçün növbə çəkirlər. Eyni zamanda sel təhlükəsi olan sahələrə yaxın insanlara həyatları üçün yaşana biləcək təhlükə ilə bağlı məlumatlar verilir, oradan uzaqlaşmaları üçün müraciətlər edilir".
Qeyd edək ki, qərb bölgəsində qeyri sabit hava şəraiti davam edir. Yağıntılı hava şəraiti mayın 31-nə qədər davam edəcək və çaylarda suyun səviyyəsi artacağı, sel olacağı gözlənilir.