Yalan vədlər, yoxsa gözə kül üfürməyin ADU modeli? - ŞİKAYƏT


Azərbaycan Dillər Universitetinin müəllimləri əməkhaqlarının artırılmamasından narazıdırlar.


"Aylardır, Azərbaycan Dillər Universitetində maaşların artırılacağı ilə bağlı şayiələrlə sadə müəllim kütləsini aldadırlar. Hər kəs dinməz-söyləməz yanvar ayını gözləyirdi ki, yeni ildən əməkhaqlarında artım olacaq. Dünən kafedra iclasında məlum oldu ki, havada gəzən şayiələr hava buxarının gözəgörünməz zərrəciyi qədər mif imiş" - AFN.az xəbər verir ki, ADU-nun əməkdaşı Günel Bayramova özünün sosial şəbəkə hesabında belə yazıb. "Zəhmətkeş müəllim heyətinin ümidlərinə ironiya edən ADU rəhbərliyi narazı müəllim ordusu yaratmaqla nəyə nail olmaq istəyir?!" - deyə sual edən G.Bayramova daha sonra bildirir: "Ölkə Prezidentinin müəllimlərin rifahını yaxşılaşdırmaqla bağlı çağırışlarına deyil, guya təkcə bir fakültənin - Tərcümə fakültəsinin - müəllimlərinin etirazına görə əməkhaqlarına naməlum gələcəkdə hansısa nisbətlə baxılacağının səbəbinin nədən qaynaqlandığını soruşan həmkarıma heç bir tutarlı cavabı olmayan, aylıq maaşı 5-6 il əvvəlki həyat standartında saxlamağı “budcədə pul yoxdur” deməklə əsaslandıran ADU rəhbərliyinin davranışları yeni suallara yol açır. Bu günə kimi heç bir dərslik, dərs vəsaiti, məqalə və s. çapına dəstək olmayan, hətta metodik və dərs vəsaitlərinin antiplagiat proqramından keçməsi xərclərini müəllimin çiyninə yükləyən, yüzlərlə ödənişli əsaslarla tələbəsi olan, üstəlik, büdcəsinin təxminən yarısını dövlətdən alan bu qocaman ali təhsil ocağının büdcəsində niyə pul yoxdur? Heç bir müasir təchizatla seçilməyən, ayaqyolundan yeməkxanasına qədər şəraitsizliyi aləmə səs salan, bir vaxtların nüfuzlu universiteti - Azərbaycan Dillər Universitetinin büdcəsində “pulun olmaması” müəmmalı görünmürmü?!"

Qeyd edilənlərlə bağlı ADU-dan mövqe almaq istəsək də, universitetin saytında göstərilən əlaqə nömrəsinə etdiyimiz zənglər cavabsız qaldı.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu