Həsən Ruhani SEPAH-a qarşı - TƏHLİL


Bacarıqsız və savadsız İbrahim Rəisidən dəfələrlə ağıllı, savadlı və praqmatik siyasətçi olan İranın sabiq prezidenti Həsən Ruhani Tehranın "Azadlıq" meydanında İslam İnqilabının 44-cü ildönümü ilə bağlı keçirilən tədbirdə jurnalistlərə açıqlama verib.


Ruhani aylardır İranda baş verən etiraz aksiyalarına münasibətini bildirib və sətiraltı mesajlar verib: "Hakimiyyətə can atan azlığın çoxluğu kənara itələməsinə imkan verməyək. Çünki, həmin gün inqilabın sonu olar. Müxtəlif fikirlərə hörmətlə yanaşmaqla və xalqın səsini eşitməklə inqilabı yaşatmaq olar" - Ruhani belə deyib.
Həsən Ruhaninin açıqlamasında iki məqam diqqəti cəlb edir. Birincisi, o, etirazçıları ittiham etməyib. Əksinə, alternativ fikri və xalqın səsini dinləməyə çağırıb. Ruhani əks təqdirdə, "inqilabın sonu" deməklə xalq etirazlarının İrandakı teokratik rejimə son qoyacağına işarə edib.
Nəhayət, ikinci və ən mühüm məqam Həsən Ruhaninin hakimiyyətə can atan azlıqdan söz açmasıdır. Göründüyü kimi, Ruhani etirazçı kütləni nəzərdə tutmur. Bu gün İranda aksiyalar spontan şəkildə, dalğalı xətt üzrə baş verir. Hakimiyyəti əvəz edə biləcək real müxalifət qüvvəsi və vahid siyasi lider yoxdur. Şahın oğlu Rza Pəhləviyə gəlincə, onun cəmiyyətdə tərəfdarıları barmaqla sayılacaq qədərdir. Hətta "Mən bunun üçünmü inqilab edirdim?"-deyə molla rejimindən narazılıq edən yaşlı nəslin nümayəndələri belə, pəhləvilərin hakimiyyətə qayıtmasını arzulamır. Xalq etirazlarının əsas fəal qüvvəsi olan gənc nəsil isə şah dövrünü ümumiyyətlə görməyib. Yəni Rza Pəhləvi ilə gənc nəsil arasında siyasi bağlar tamamilə qırılıb.
Deməli, Həsən Ruhani hakimiyyətə can atan azlıq dedikdə siyasi elitanın daxilindəki qruplardan birini nəzərdə tutur. Son zamanlar İranda İslam İnqilabı Keşikçiləri Korpusu Həsən Ruhaninin liderlik etdiyi islahatçı xətti tamamilə idarəetmə sistemindən kənarlaşdıraraq hakimiyyətin əksər siyasi strukturlarına nəzarəti ələ keçirib. İranın icra hakimiyyəti orqanlarına SEPAH zabitlərinin təyin olunması ənənəvi hal alıb. İranda hərbçilər hökuməti tam ələ keçirməyə çox yaxındır. Beynəlxalq aləmdə getdikcə daha çox terror təşkilatı kimi tanınan SEPAH-ın hakimiyyəti ələ alması İran rejimini Qərbin və müttəfiqlərinin hədəfinə gətirə bilər. Həsən Ruhaninin "hakimiyyətə can atan azlıq" deyərkən məhz İslam İnqilabı Keşikçiləri Korpusuna işarə etdiyi şübhə doğurmur. Eks-prezident SEPAH hakimiyyətə gələcəyi təqdirdə inqilabın sonu olacağına, yəni İranın daxilindəki və xaricindəki qüvvələrin rejimi bitirmək üçün birgə hərəkətə keçəcəyinə dair mesaj verir.

Müşfiq Abdulla, analitik yazar



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu