"Təcili Rusiyanı tərk edin" - ABŞ səfirliyi
ABŞ öz vətəndaşlarını Rusiyaya getməməyə və bu ölkəni təcili tərk etməyə çağırıb.
AFN.az-ın məlumatına görə, ABŞ-ın Rusiyadakı səfirliyinin rəsmi saytında yer almış məlumatda belə deyilir. Səfirlik bu müraciətini Rusiya silahlı qüvvələrinin Ukraynaya qarşı səbəbsiz genişmiqyaslı işğal müharibəsinin gözlənilməz nəticələri ilə izah edib.
Səfirlik ABŞ vətəndaşlarının Rusiyaya daxil olmasının tövsiyə edilməməsinin səbəbləri arasında təqiblərə məruz qalma ehtimalı, Rusiya xüsusi xidmət orqanları tərəfindən qanunsuz həbs və qanunların özbaşına tətbiqi, uçuşlara qadağalar və səfirliyin konsulluq yardımı göstərmək imkanlarının məhdudluğunu göstərir.
Qeyd edilir ki, Amerika hökumətinin Rusiyada ABŞ vətəndaşlarına planlı və ya təcili yardım xidmətləri göstərmək imkanları, xüsusilə də bu ölkənin Moskvadakı səfirliyindən uzaq ərazilərdə ciddi şəkildə məhdudlaşdırılıb.
Müraciətdə qeyd edilir ki, sentyabr ayında səfərbərlik elan edildikdən sonra Rusiya Federasiyası ikili ABŞ vətəndaşlığını tanımaqdan imtina edə, vətəndaşları konsulluq yardımından məhrum edə, onları hərbi çağırışa cəlb edə və ölkədən çıxmasına mane ola bilər.
ABŞ səfirliyi hər hansı siyasi və sosial etirazlardan qaçmağı və Rusiya təhlükəsizlik xidmətinin əməkdaşlarının şəklini çəkməməyi tövsiyə edir.
M.Vahidli