Qənirə Paşayeva Ankarada “Beynəlxalq Qadın Hüquqları Günü” ilə bağlı keçirilən konfransda çıxış edib


Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində “5 dekabr – Beynəlxalq Qadın Hüquqları Günü” və Türk qadınlarına seçmək-seçilmək hüququnun verilməsinin 88-ci ildönümü münasibəti ilə keçirilən seminarda çıxış edib.


Qardaş ölkənin Daxili İşlər Nazirliyi və Türkiyə Muxtarlar Konfederasiyasının düzənlədiyi, dekabrın 5-6-da Ankarada təşkil olunan seminarın ana mövzusu “Qadın Muxtarlar” olub. Türkiyə Muxtarlar Konfederasiyasının dəvəti ilə dünyanın dörd bir yanından 350-dən çox qadın muxtar, ekspert və məruzəçinin qatıldığı, Ankaranın Gölbaşı məhəlləsindəki Vilayətlər Evində təşkil edilən Qadın Muxtarlar Seminarında fəxri qonaq qismində MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və Türkiyə Daxili İşlər Nazirinin müavini Mehmet Ərsoy iştirak edib.

Q.Paşayeva “Bir millət-iki dövlət” kəlamının işığında, “Şuşa Bəyannaməsi” ilə taclandırılmış ən yüksək səviyyəli strateji müttəfiqlik birgə fəaliyyəti fonunda Türkiyə Muxtarlar Konfederasiyasının seminarında iştirakdan və çıxışdan çox məmnun olduğunu bildirib. Q.Paşayeva Türk mədəniyyətində qadının yeri, tarixi proseslərdə, taleyüklü dönəmlərdə öndə gedən Türk dünyası qadınları, habelə ailə, xeyirxahlıq, böyük-kiçik münasibətləri, xalqımızın mədəni irsi və s. mühüm məsələlərlə bağlı fikirlərini bölüşüb habelə belə fikirlərlə tanış olmaqdan məmnunluğunu bildirib.

Q.Paşayeva Türkiyə Daxili İşlər Nazirliyinin dəstəyi ilə Türkiyə Muxtarlar Konfederasiyasının təşkil etdiyi iki günlük “Qadın Muxtarlar Seminarı”nın keçirilməsini nəzəri və praktik baxımdan effektli olacağını, qarşı dönəmdə öz müsbət nəticələrini verəcəyini ifadə edib. O, Azərbaycan və Türkiyə qadınlarının, onların timsalında Türk dünyası qadınlarının müxtəlif əməli fəaliyyət sahələri üzrə öz təcrübələrini bölüşməyə çağırıb.

Komitə sədri böyük qürur hissi ilə vurğulayıb ki, 15 iyun 2021-ci ildə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında “Şuşa Bəyannaməsi”nin imzalandığı - Azərbaycanın Mədəniyyət paytaxtı əziz Şuşa şəhəri 2023-cü il üzrə Türk dünyasının Mədəniyyət paytaxtı seçilib. Bu il Azərbaycanda “Şuşa İli”, gələn ilsə “Heydər Əliyev İli”dir; gələn il həmçinin Türkiyə Cümhuriyyətinin elan olunmasının 100-cü ildönümü tamam olur. Bütün bu əlamətdar hadisələr, təqvimlər qadınlarımızın, ziyalılarımızın, işgüzar insanların sıx əməkdaşlığını zəruri qılır. O bu zəruriyyəti digər amillərlə də əlaqələndirərək, Fransa, İran, Rusiya kimi dövlətlərin Azərbaycan-Türkiyə sarsılmaz qardaşlığından irəli gələn addımlara yumşaq desək, qıcıq olduqlarını söyləyib. Ona görə də, tutduğu vəzifədən, sosial durumundan asılı olmayaraq, bütün vətəndaşlarımızın “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” (Atatürk), “Biz bir millət – iki dövlətik” (Heydər Əliyev) kəlamlarının işığında fəaliyyət göstərməsini mənəvi borc adlandırıb. O, bu istiqamətdəki fəaliyətdə qadın muxtarların öz xüsusi töhfələri ilə çıxış edəcəyinə inamını ifadə edib.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti parlamentində alınan qərarla, 5 dekabr 1934-cü ildə isə qardaş Türkiyə Konstitusiyasına və Seçki Qanununa edilən dəyişikliklə qadınlara seçmək və seçilmək hüququ verildiyini xatırladan Q.Paşayeva, qadınların cəmiyyətdə problemlərinin gündəmə gətirilməsi, qadın hüquqları ilə bağlı maarifləndirmə işinin aparılmasını təqdirəlayiq hal kimi dəyərləndirib.
MM Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva, cəmiyyətdə ayrı-seçkiliyə məruz qalan qadınların bütün hüquqlarını qorumaq, maarifləndirmək məqsədi ilə qeyd edilən 5 dekabr – Beynəlxalq Qadın Hüquqları Günü ilə bağlı fikirlərini bölüşərək, Azərbaycan və Türkiyənin qadınlara seçmək-seçilmək hüququ verdiyi illərdə öz qadınlarına hələ seçmə-seçilmə hüququ tanımamış olan ölkələrin indi bizləri qadın hüquqları mövzusunda qınamaq haqqı olmadığını bildirib.

Q.Paşayeva, tədbirdə onunla birgə Azərbaycan qadın nümayəndə heyətinin iştirak etdiyini deyib, dəvət üçün və gözəl konfransın təşkili üçün əməyi keçən hər kəsə təşəkkür edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu