30 il əvvəl Şimali Azərbaycan Demokratik Partiyası yaratmaq istəyirdik – İsa Qəmbər


Bu günlərdə deputat, BAXCP sədri Qüdrət Həsənquliyev parlamentdə çıxış edərək, Azərbaycan Respublikasının adının dəyişdirilməsini təklif etdi.


Belə bir ilginc təklifi gündəmə gətirən partiya sədrinin fikrincə, bu addım həm də Cənubi Azərbaycanda yaşayan soydaşlarımız üçün stimul olar: “Bütün dünya bilməlidir ki, 200 il əvvəl Azərbaycan torpaqları İran rejimi tərəfindən işğal olunub. Necə ki, dünyada Şimali Koreya və Cənubi Koreya var, bizdə də belə olsun. Azərbaycan 200 il əvvəl iki imperiya tərəfindən bölünüb. Bu addım həm də Cənubi Azərbaycanlılar üçün stimul olar”.
Mövzu ilə bağlı LAF TV-nin sualını cavablandıran Müsavat Partiyasının keçmiş başqanı, AXC hakimiyyəti dövründə Prezident səlahiyyətlərinin icraçısı olmuş, siyasətçi İsa Qəmbər bildirib ki, 30 il əvvəl də bu məsələ gündəmdə olub: “Hətta biz o dövrdə AXC üzvlüyündə qalmaq şərtilə Şimali Azərbaycan Demokratik Partiyası yaratmaq haqqında düşünürdük, bu istiqamətdə səylərimiz vardı. “Şimali Azərbaycan” terminini seçməkdə məntiq bu idi ki, biz bütöv Azərbaycandan danışırıqsa, Azərbaycanın parçalandığını deyirikcə, “Güney Azərbaycan” terminini işlədiriksə, deməli Şimali Azərbaycan da olmalıdır. Sonrakı mərhələlərdə biz tarixin diktəsilə zəruri olan bir işə - Müsavat Partiyasını qurmağa başladıq. Ona görə də o partiyanın quruculuq işi yarımçıq qaldı. Amma o dövrdə o ad populyar idi və başqa ictimai-siyasi xadimlər də var idi ki, o terminin tərəfdarı idilər. Amma biz Azərbaycanın müstəqilliyini elan edərkən Azərbaycan Respublikası adı üzərində dayandıq. Bu, həm də onunla əlaqədar idi ki, biz özümüzü, bütövlükdə xalqımızı 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Cümhuriyyətinin birbaşa varisi hesab edirdik. Ona görə də Azərbaycan adını seçdik. İndiki mərhələdə dövlətimizin adının dəyişdirilməsi aktual deyil məncə. Sadəcə olaraq, “Şimali Azərbaycan” termininin gündəmə gətirilməsi bir daha Azərbaycanın parçalanmış olduğuna, Bütöv Azərbaycan ideyasına diqqəti çəkmək üçün bir vasitə kimi qiymətləndirilə bilər”.

FAMİL



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu