3500 illik qədim şəhər aşkarlandı

Perunun şimalındakı Barranka bölgəsində 3 min 500 illik bir qədim şəhər kəşf edilib. “Penico” adlandırılan bu yaşayış məntəqəsinin Sakit okean sahillərində yaşayan icmalarla And dağları və Amazon hövzəsindəki yerli xalqları birləşdirən mühüm ticarət mərkəzi olduğu düşünülür.
Paytaxt Limadan təxminən 200 kilometr şimalda, dəniz səviyyəsindən 600 metr yüksəklikdə yerləşən Penico şəhərinin eramızdan əvvəl 1800–1500-cü illər arasında salındığı təxmin edilir. Bu dövr Mesopotamiya, Misir, Hindistan və Çində ilk böyük sivilizasiyaların yüksəldiyi dövrlə üst-üstə düşür.
Penico Amerika qitəsinin məlum olan ən qədim sivilizasiyası – təqribən 5 min il əvvəl Perunun Supe vadisində inkişaf etmiş Karal mədəniyyətindən yalnız qısa məsafədə yerləşir. Karal böyük piramidaları, kənd təsərrüfatı sistemləri və şəhərsalma strukturları ilə tanınırdı.
Arxeoloqlar səkkiz il davam edən qazıntı və tədqiqatlar nəticəsində bu qədim şəhərdə 18 fərqli tikilini üzə çıxarıblar. Onların arasında dini mərasimlərin keçirildiyi məbədlər, yaşayış kompleksləri və ictimai binalar var. Şəhərin mərkəzində isə yamac terrasına inşa olunmuş dairəvi bir quruluş xüsusi diqqət çəkir.
Qazıntılar zamanı gil fiqurlar, insan və heyvan təsvirləri, dəniz qabıqlarından hazırlanmış boyunbağılar kimi mərasim obyektləri də tapılıb. Bu tapıntılar bölgənin yalnız ticarət mərkəzi deyil, eyni zamanda dini və mədəniyyət mərkəzi olduğunu göstərir.
1990-cı illərdə Karal şəhərinin qazıntılarına rəhbərlik etmiş və Penico araşdırmalarını da aparan Dr. Rut Şadi bu kəşfin Karal sivilizasiyasının süqutundan sonra cəmiyyətin hara köç etdiyini anlamaq baxımından əhəmiyyətli olduğunu bildirib. Dr. Şadi, Peniconun sahil, dağ və meşə cəmiyyətləri ilə ticarət əlaqələri üçün strateji mövqedə olduğunu vurğulayıb.
Peru Mədəniyyət Nazirliyindən arxeoloq Marko Maçakuay isə Peniconun əsas əhəmiyyətinin Karal cəmiyyətinin davamı olmasından qaynaqlandığını deyib.
Penico şəhərinin kəşfi Perunun zəngin arxeoloji irsinə yeni bir halqa əlavə edib. Ölkə, İnka sivilizasiyasının incisi sayılan Maçu Pikçu və səhra torpaqlarına çəkilmiş sirli Naska Xətləri kimi dünya irsi sayılan abidələrə də ev sahibliyi edir.