Almaniya 1000 ədəd “Leopard 2” tankı almağı planlaşdırır

Almaniyanın NATO müdafiə qabiliyyətini gücləndirmək məqsədilə 1000 ədəd “Leopard 2” tipli əsas döyüş tankı və 2500 ədəd “GTX Boxer” tipli zirehli texnika almağı nəzərdən keçirdiyi iddia olunub.
Ölkə mediasında yer alan xəbərlərə görə, NATO Almaniyadan növbəti 10 il ərzində 7 döyüş briqadası qurmasını istəyib.
Bu briqadaların təchizatı üçün Almaniyanın müdafiə naziri Boris Pistorius Alman ordusunun komanda heyəti ilə birlikdə 1000 ədəd “Leopard 2” tipli əsas döyüş tankı və 2500 ədəd “GTX Boxer” tipli zirehli döyüş maşını almaq variantını dəyərləndirir.
Qeyd olunan texnikaların ümumi dəyərinin 25 milyard avro ola biləcəyi bildirilir və satınalma qərarının ilin sonuna qədər verilməsi gözlənilir.
Almaniyada bu tank və zirehli texnikaların alınması üçün Federal Parlamentin də təsdiqi tələb olunur.