Texasda daşqın faciəsi: 82 ölü, onlarla itkin


ABŞ-ın Texas ştatında baş verən qəfil daşqında ən azı 82 nəfər ölüb, 41 nəfərdən isə hələ də xəbər yoxdur. Ən ağır dağıntı Quadalupe çayı sahilində yerləşən Kerr qraflığında qeydə alınıb. Su altında qalan “Camp Mystic” adlı xristian qız düşərgəsində 28-i uşaq olmaqla ümumilikdə 68 nəfər həlak olub. Düşərgədən 10 qız uşağı və bir nəzarətçi isə hələ də itkin düşmüş hesab olunur.



Fəlakət cümə günü günəş doğmazdan az əvvəl baş verib. Quadalupe çayı cəmi 45 dəqiqə ərzində 8 metr qalxaraq düşərgəni tamamilə su altında qoyub. Çoxu uşaq olan düşərgə sakinləri hadisə zamanı yuxuda olublar. Həlak olanlar arasında düşərgəyə uzun illər rəhbərlik etmiş Riçard “Dik” İstlend də var.



Fəlakətdən üç gün sonra Texas tarixindəki ən böyük axtarış-xilasetmə əməliyyatlarından biri əsasən cəsədlərin axtarışı istiqamətində davam edir.



Ərazidə çalışan könüllülər düşərgəyə aid əşyaların çay boyunca təxminən 13 kilometr uzağa qədər sürükləndiyini bildiriblər. Zəhərli ilanlar və qalın palçıq xilasetmə işlərini çətinləşdirir.



Kerr qraflığında tapılan 28 meyitin kimliyi hələ rəsmi olaraq açıqlanmayıb. Rəsmilər ölənlərin sayının artacağından narahatdır. 4 İyul Müstəqillik Günü tətili səbəbilə bölgədə düşərəyə gəlmiş başqa şəxslərin də daşqın sularına qapılmış ola biləcəyi ehtimal edilir.



Texas qubernatoru Qreq Abbot fəlakətdən sonra bölgəni ziyarət edərək, itkinlərin tapılmasına qədər bütün resursların səfərbər ediləcəyini bildirib.



Düşərgə ilə Kervil şəhəri arasındakı yol istifadəyə yararsız hala düşüb. Daşqından zərər görən evlərin ətrafı aşmış ağaclar, dağılmış əşyalar və çökən infrastrukturla doludur.



Roma Papası XIV Leo da bazar günü etdiyi çıxışında Teksasdakı daşqın qurbanları üçün dua edib.



ABŞ Prezidenti Donald Tramp bazar günü Kerr qraflığını “böyük fəlakət zonası” elan edib. Federal Fövqəladə Hallar İdarəsi (FEMA) yardım işlərini koordinasiya etməyə başlayıb. Tramp cümə günü bölgəyə səfər etməyi planlaşdırdığını açıqlayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu