Zəhərli göbələk cinayəti: Erin Patterson günahkar bilinib


Avstraliyada zəhərli göbələkdən hazırlanmış Bif Velinqton yeməyi ilə üç qohumunu öldürən Erin Patterson üç dəfə qəsdən adam öldürmək və bir dəfə adam öldürməyə cəhd ittihamı ilə günahkar bilinib.



Avstraliyada adi bir nahar dəvəti ölkənin ən sarsıdıcı cinayət işlərindən birinə çevrilib. Erin Patterson 2023-cü ildə üç qohumunu zəhərli göbələk qatılmış Bif Velington yeməyi ilə qətlə yetirməkdə təqsirli bilinib. Məhkəmə 49 yaşlı qadını üç dəfə qətldə və bir dəfə adam öldürməyə cəhd etməkdə təqsirli bilib.



Qeyd edək ki, 2023-cü il 29 iyul tarixində Viktoriya ştatının Leongatha qəsəbəsində verilən nahar dəvətinə beş nəfər çağırılıb. Lakin ev sahibinin keçmiş əri Saymon Patterson son anda tədbirə qatılmaqdan imtina edib. Nahar süfrəsində olan dörd nəfər — Saymonun valideynləri Don və Geil Patterson, eləcə də xalasının həyat yoldaşı İan və Hizer Uilkinson — yeməkdən bir neçə saat sonra ürəkbulanma və ishal şikayətləri ilə xəstəxanaya yerləşdirilib.



Qonaqlardan Geil və Hizer 4 avqustda, Don isə ertəsi gün, qaraciyər köçürülməsinə baxmayaraq həyatını itirib. İan Uilkinson isə həftələrlə davam edən reanimasiya müalicəsindən sonra sağ qalmağı bacarıb.



Prokurorluğun məlumatına görə, Erin Patterson son dərəcə zəhərli olan “ölüm papağı” (death cap) göbələklərini internetdə gördüyü bir paylaşımın ardından toplayıb və yemək hazırlığında istifadə edib. Bu göbələklər qaraciyərdə zülal istehsalını dayandıraraq bir neçə gün ərzində orqan çatışmazlığına səbəb ola bilir.



Məhkəmə prosesi zamanı məlum olub ki, Patterson 28 aprel tarixində zəhərli göbələklərin toplandığı ərazidə mobil telefonla siqnal verib və həmin gün göbələk qurutma cihazı alıb. Bu cihaz hadisədən bir neçə gün sonra tullantı mərkəzinə atılıb. Cihazın içərisində ölümcül göbələk qalıqları və Pattersonun barmaq izləri aşkarlanıb.



Prokurorluq həmçinin iddia edib ki, Patterson hadisədən sonra özünü xəstə kimi göstərib, polisə yalan ifadə verib, qurutma cihazını gizlicə məhv edib və mobil telefonla kompüterini zavod (fabrika) ayarlarına qaytararaq sübutları yox etməyə çalışıb.



Avstraliya qanunlarına görə, prokurorluq hadisənin motivini sübut etməyə məcbur deyil. Lakin məhkəmə prosesi zamanı ortaya çıxan mesajlar göstərib ki, Patterson xüsusilə boşanma prosesi ilə bağlı yaşanan gərginlik səbəbilə keçmiş ərinin ailəsi ilə əlaqələri kəsmək istəyirmiş.



On həftə davam edən məhkəmə prosesində hər gün şahidlər dinlənilib, sübutlar araşdırılıb. Proses Avstraliya və dünyada böyük marağa səbəb olub, dörd fərqli podkast bu işi gündəlik olaraq izləyib. Məhkəmə sonunda münsiflər heyəti Pattersonun dörd nəfəri bilərəkdən və qəsdən öldürməyə çalışdığı qənaətinə gəlib.



Pattersonun cəzası yaxın günlərdə açıqlanacaq. Qanunlara əsasən, münsiflər heyətinin üzvlərinin kimliyi gizli saxlanılacaq və onların məhkəmə zalında danışdıqları barədə hər hansı bir məlumat paylaşmaq qadağan olunacaq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu