İtaliya Prezidenti Aİ-nin genişlənməsinə dəstək verdi

İtaliya Prezidenti Sercio Mattarella Avropa İttifaqına (Aİ) üzv olmağa daha da yaxınlaşan Qərbi Balkan ölkələrinin genişlənmə prosesinin daha artıq gecikmədən tamamlanmalı olduğu mesajını verib.
Mattarella Xorvatiyanın paytaxtı Zaqrebdə rəsmi səfəri çərçivəsində Xorvatiya Prezidenti Zoran Milanoviçilə görüş keçirib.
Aİ-nin Avropada sülhün təmin olunması üçün çalışdığını bildirən Mattarella “Bu, digər ölkələr və beynəlxalq ictimaiyyət üçün nümunə ola biləcək bir mövqedir. Avropa hər şeydən əvvəl əməkdaşlıq məsələsində təhlükəsizlik ehtiyaclarını axtaran və nəzərə alan bir tərəf olub” deyib.
Mattarella Xorvatiya ilə münasibətlərin yaxşı və dərin olduğunu vurğulayaraq “Hər iki ölkə ortaq məqsədlər istiqamətində irəliləyir və dünyanın çətin və dəhşətli müharibələr yaşadığı bu dövrdə sülhün bərqərar olması üçün həmrəylik nümayiş etdirir. Buna görə də əməkdaşlığımız daha da dəyərlidir, lakin irəliləmək üçün yeni formalara da ehtiyac var” deyə əlavə edib.
O, İtaliya ilə Xorvatiya arasında bir çox sahələrdə əməkdaşlıq olduğunu qeyd edərək “Xorvatiya və İtaliya xüsusilə 20 ildən artıq bir müddətdir Aİ-yə yaxınlaşmaqda olan Qərbi Balkanların genişlənmə prosesinin daha artıq gecikmədən başa çatdırılması fikrində həmrəydir” deyə bildirib.
Xorvatiya Prezidenti Zoran Milanoviç də Aİ-nin bir sülh layihəsi olduğunu qeyd edərək “Biz Aİ-ni qlobal mənada bir sülh layihəsi olaraq təqdim edirik, lakin bu günlərdə vəziyyət artıq əvvəlki kimi deyil. Təbii ki, burada bir çox qeyri-müəyyənliklər də var. Həyat, qonşuluq və əməkdaşlıq baxımından götürsək, Aİ həm Xorvatiya, həm də İtaliya üçün faydalı və yararlı olmuşdur” deyə vurğulayıb.
Mattarella Zaqrebdəki səfəri çərçivəsində həmçinin Xorvatiya Baş naziri Andrej Plenkoviç və Parlament sədri Qordan Yandrokoviç ilə görüşəcək, Xorvatiyadakı İtalyan azlığının nümayəndələri ilə də bir araya gələcək.