Britaniyanın Baş naziri istefa verdi
Böyük Britaniyanın Baş naziri Liz Trass istefa verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “BBC” yayıb.
Trass, həmçinin bildirib ki, Mühafizəkarlar partiyasının lideri postundan da istefa verir.
Trass yeni Baş nazir seçilənə qədər Böyük Britaniyanın Baş naziri səlahiyyətlərini icra etməyə davam edəcək.
Yeni Baş nazirin bu həftə seçiləcəyi bildirilir.
Xatırladaq ki, Böyük Britaniyanın xarici işlər naziri olmuş Liz Trass cari ilin sentyabrın 6-sı Mühafizəkarlar Partiyasının lideri və ölkənin Baş naziri seçilmişdi.
Qeyd edək ki, onun 45 gün əvvəl vəzifəsinin icrasına başlamasına baxmayaraq, Britaniyada artan iqtisadi problemlər Liz Trassın reytinqinin kəskin şəkildə enməsinə səbəb olub. Onun təqdim etdiyi iqtisadi plan hökumət üzvləri tərəfindən müsbət qarşılanmayıb. Bir müddət əvvəl britaniyalı deputatlar Trassı istefaya səsləsələr də, o, istefa verməyəcəyini açıqlamışdı.