General: ABŞ-Rusiya arasındakı soyuq müharibə aktiv fazaya keçir - Ukraynada son durum


Yeni ABŞ prezidenti seçildikdən sonra ABŞ-Rusiya münasibətlərinin yumşalması gözlənilirdi, lakin bunun əvəzinə, iki dövlət arasında rəsmi və qeyri-rəsmi təhdidlərlə müşayiət edilən gərginlik müşahidə olunur.


Bu gərginliyin təzahürlərindən biri Avroatlantik məkana istiqamət götürmüş Ukraynada bəzi telekanalların rusmeyillilikdə, bunları maliyyələşdirənlərin isə qeyri-qanuni işlərdə ittiham edilərək bağlanmsı, müəyyən rusdilli resurslara, bir çox rus cizgi filmlərinə qadağa qoyulması, şərqi Ukraynada atəşkəsin yenidən pozulması və bu arada ABŞ hərbi dəniz donaması gəmilərinin Qara dənizə daxil olmasıdır. Telekanalların bağlanması BMT-nin etirazı, AB-nin sükutu və maraqlıdır ki, həmişə azad medianı müdafiə edən ABŞ-nın rəsmi dəstəyi ilə qarşılandı. Telekanalların bağlanması Ukrayna Radasında deputatlar arasında kifayət qədər ciddi qalmaqal yaratdı, belə ki, özünü qərbmeyilli hesab edən deputatlar çəkiliş aparan telekanal əməkdaşlarını Radanın iclasından qovmağa cəhd göstərdilər, rusmeyilli hesab olunan deputatlar isə bunun qarşısını qətiyyətlə aldılar. Məsələ ondadır ki, bu mövzu Poroşenkonun dövründə də gündəmə gətirilmişdi, amma o sözügedən telekanalları bağlamağa getmədi. Bir qisim insanlar baş verənlərin Qərbin, digərləri isə maraqları təmin olunmayan oliqarx və millətçilərin Zelinskiyə qarşı planı olduğunu hesab edirlər. Mövzuya aydınlıq gətirmək üçün “Ukraynada nə baş verir?” sualı ilə ekspertlərə müraciət etdik.

Ukraynada baş verənlərlə bağlı Xeberlent.az-a açıqlama verən rusiyalı hərbi-siyasi ekspert General Bağır Fətullayev bildirdi ki, mövzuya aparıcı dövlətlərin geosiyasəti kontekstində baxılmalıdır: “Hazırda Rusiyanın Ukraynadakı təsirini zəiflətmək üçün ABŞ mübarizəsini davam etdirir. Üç televiziya kanalının bağlanması bu mübarizənin informasiya sahəsində də getdiyinin təsdiqidir.

NATO Hərbi Hava Qüvvələrinin və Hərbi Dəniz Qüvvələrinin Qara dənizdəki fəaliyyətinin aktivləşməsi, ABŞ-ın həm də hərbi ittifaqı mübarizəyə cəlb etdiyinə işarədir. Moskvaya səfəri zamanı cənab Borelin Ukrayna və Rusiya müxalifətinin problemləri ilə Rusiya rəhbərliyinə açıq şəkildə təzyiq göstərmək cəhdi isə siyasi "şahmat lövhəsində" ciddi bir qarşıdurmaya start verildiyindən xəbər verir.

Düzdür, hələ ki, ABŞ, NATO və Aİ tərəfindən Rusiyaya tətbiq edilən faktiki təhdidlərin tamamilə rəsmi Moskva tərəfindən rədd edilməsinin, Qərb diplomatlarının qovulmasının şahidi oluruq. Hesab edirəm ki, qarşıda münasibətlər o qədər kəskinləşəcək ki, bu “soyuq müharibə”nin daha aktiv fazaya daxil olmasına səbəb olacaq.

Nəticə etibarilə Qərbin Rusiyaya münasibətdə sanksiya siyasəti birmənalı olaraq güclənəcək. Deməliyəm ki, ABŞ Rusiyanın zəifləməsi və təcrid olması məqsədi güdür ki, bu siyasətin mənfi təsirini AB-nin iqtisadiyatı da hiss edir və yeri gəlmişkən, bu amerikalılara sərf edir. Bundan əlavə, şərqi Ukraynadakı cəbhədə vəziyyətin kəskinləşməsi rəqiblərə Rusiyanı tanınmamış respublikalara dəstək verməkdə ittiham etmək şəraiti yaratmış olur. Məncə bu amildən rəqiblər Ukraynada “hərbi psixozun” güclənməsindən tutmuş hərbi qarşıdurmanın baş verməsinədək istifadə etməyə çalışacaqlar.

Zelinskiyə gəldikdə isə, onun reytinqi vətəndaşlar arasında 73%-dan 14%-a düşüb. Buna görə də o, rəqibləri (Rusiya tərəfindən dəstəklənən) ilə müxalifətyönümlü telekanalları bağlamaqla mübarizə aparır. Bu mübarizənin davamı olaraq “idarə olunan quldur birləşmələrinin” zorakılıq aksiyaları edəcəyini də gözləmək olar. Yeri gəlmişkən, bu işdə Avakovun erməni "əli"ndən istifadə ediləcək.”

Ukraynada fəaliyyət göstərən tarixçi-yazar Məhəmməd İsrafiloğlu Xeberlent.az-a mövzu ilə bağlı bildirdi ki, son ABŞ prezident seçkilərinin qalibi Baydenin Rusiyaya olan münasibəti əslində klassik ənənənin davamıdır: “Köklü olaraq bu münasibətlərin “ yumşalması” çox zaman kosmetik xarakterli olmuşdur. Ukraynada rus telekanallarının aradan qaldırılması, rus dilinin rəsmi dövlət müəssisələrində işlənməsinə qoyulan yasaq, təkcə bu günün problem deyildir. Qərb yönümlü Ukrayna hər zaman istər SSRİ dönəmində, istərsə də indik müstəqil Rusiya dövründə ən radikal şəkildə reaksiya sərgiləmişlər. Şərqi və Qərbi Ukrayna əhalisi arasında bu məsələdə olduqca biri-birinə zidd, qütbi əkslikdə dayanan dünyagörüşün mərkəzində də məhz bu amil dayanır. Yuşenkodan sonra Yanukoviç dönəmi , sonralar ona qarşı tətbiq olunan Maydan inqilabı da Qərbin, ABŞ-ın ən güclü dəstəyiylə gerçəkləşdirilən bir prosesdir. Sadəcə Ukraynanın Avropaya inteqrasiyası məsələsində vahid siyasi qüvvənin keyfiyyəti Qərbin, ABŞ-ın standartlarına tam cavab vermir. Qısası, proses olduqca sancılı gedir. Ukrayna Radasında dava-dalaş həddində özünü göstərən rusdilli tv kanallarının ləğvi mübahisəsi də əsasən millətçi kəsimin diqtəsinin təzahürüdür. Və eyni zamanda bu əhval ruhiyyə ABŞ-ın, Qərbin Ukraynanı Rusiyaya qarşı körükləməsində də işinə yarayır. Ukraynanın Avropaya tam inteqrasiyasında da ciddi problemləri var, zəngin məmur oliqarxiyasının hakimiyyətə təsir rıçaqları hələ də güclüdür. Prezident Zelenski nə qədər sözdə buna qarşı olsa da işin gerçəyində ciddi maneələri vardır. Ümumiyyətlə, Sovetllərin çöküşündən sonra Ukrayna toplumun bütün təbəqələrinin maraqlarını ifadə edən bir siyasətçi, dövlət xadiminə, ölkə rəhbərinə sahib ola bilməmişdir. Bu özü də olduqca ciddi bir boşluqdur. Doldurulması hələ də zaman almaqdadır. Əlbəttə bundan sonra Rusiya meylli qüvvələrin siyasi olimpin zirvəsinə yüksəlməsi real deyildir. Amma ABŞ və Qərb bunu kökündən həll etmək istəyir, ölkədə Rus dili, tv kanallarına qoyulan yasaqlara da sükutunun kökündə bu amil dayanır. Təsir əks təsirə bərabər deyildir bu dəfə, Yuşenkodan sonra Yanukoviç dalğasında olduğu kimi. Sadəcə Qərbə inteqrasiyanın daşıyıcı olmaq məsələsində buna cavab verən vahid siyasi qüvvə məsələsində sabit, dayanıqlılığın üst düzeydə olmaması problemi vardır. Zelenskinin əsl problemi də məhz budur.”



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu