Cənubi Koreyadan mübahisəli adalarla bağlı Yaponiyaya etiraz

Cənubi Koreya Yaponiyanın Yapon dənizindəki (Cənubi Koreyada “Şərq dənizi” adlanır) mübahisəli Dokdo / Takeşima adaları üzərində suverenlik iddiasını yenidən gündəmə gətirməsinə sərt reaksiya verib.
Yonhap agentliyinin məlumatına görə, Cənubi Koreya Xarici İşlər Nazirliyinin yaydığı yazılı açıqlamada bildirilib ki, hökumət Yaponiyanın Dokdo ilə bağlı əsassız suverenlik iddiasını bir daha səsləndirməsinə qəti şəkildə qarşı çıxır.
Açıqlamada qeyd olunub ki, sözügedən adalar tarix, coğrafiya və beynəlxalq hüquq baxımından Cənubi Koreyaya məxsusdur və Yaponiyaya bu iddialardan dərhal əl çəkməsi çağırışı edilib.
Bundan əlavə, Yaponiyanın Dokdo ilə bağlı istənilən təxribatına sərt şəkildə cavab veriləcəyi ilə bağlı xəbərdarlıq da edilib.
Digər tərəfdən, Cənubi Koreya hökumətinin gün ərzində Seuldakı Yaponiya səfirliyindən bir nümayəndəni çağıraraq rəsmi etirazını çatdırması gözlənilir.
Yaponiya isə “Takeşima” adlandırdığı bu adaları müdafiə sənədlərində öz ərazisi kimi göstərərək, onların Yaponiyaya məxsus olduğunu iddia edir.