Filippin İrandan Hörmüz boğazından təhlükəsiz keçid üçün təminat aldı



Filippin öz ölkəsinin bayrağı altında üzən gəmilərin Hörmüz boğazından keçidi ilə bağlı İrandan rəsmi təminat aldığını bəyan edib. 

AFN.az xəbər verir ki, Filippin Xarici İşlər Nazirliyinin məlumatına görə, xarici işlər naziri Mariya Tereza Lazaro ilə iranlı həmkarı Abbas Əraqçi arasında baş tutan telefon danışığında bu razılıq əldə olunub.

Görüş zamanı Əraqçi Filippin gəmilərinin və dənizçilərinin boğazdan maneəsiz, təhlükəsiz və sürətli keçidinin təmin ediləcəyinə söz verib. Nazir Lazaro bu addımın həm dənizçilərin həyatı, həm də ölkənin enerji təhlükəsizliyi baxımından həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Yaxın Şərqdəki neft və mayeləşdirilmiş təbii qazın (LNG) dünya bazarlarına çıxışını təmin edən Hörmüz boğazının ABŞ, İsrail və İran arasındakı müharibə səbəbindən faktiki bağlanması qlobal enerji böhranına yol açmışdı.

Filippin fevralın 28-də başlayan ilk hücumlardan sonra "milli enerji fövqəladə vəziyyəti" elan edən ilk ölkə olmuşdu. Tərəflər diplomatik kanallar vasitəsilə ikitərəfli əlaqələrin və regionda qalıcı sülhün qorunmasına sadiq olduqlarını bir daha təsdiqləyiblər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu